www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ

XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi  Fransua - Mari Arue, yəni Fransua VOLTER demişdir : - Maddi və mənəvi problemləri özünə dərd etməyən insanın həyatı xoş keçər.

Mən də özümü dərk edəndən bəri həyatım boyu qarşılaşdığım istər maddi, istərsə də mənəvi problemləri özümə dərd etmədim. Bunları bir qanunauyğunluq, alın yazısı hesab etdim. Düşünürəm ki, nəsillər dəyişdikcə, insanların şüuru inkişah etdikcə maddi və mənəvi problemlər ardıcıllıqla öz həllini tapacaq. Əzizlərimə, dost - tanışlarıma daim bunu izah etməyə çalışdım. Ancaq unutmamalıyıq ki, həyat mübarizə meydanıdır. Öncə milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir.

Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. 
Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən müasir dünyada Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Diqqətdə saxlamaq lazımdır ki, yalnız milli, bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar, şüurlarda dəyişikliklər sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür.

Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan respublikasının vəzifələrindən biridir. Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli - mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.

Bu mənada “ İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası ” Məhdud Məsuliyyətli Cəmiyyəti də məhz belə bir zəmin üzərində ərsəyə gəlmişdir. Şükürlər olsun ki, nəhayət Cəmiyyətin " İRŞAD TV " saytını hazırlayıb internet vasitəsilə yayımına ilk addımlarımızı atdıq. Müstəqil Azərbaycanımız, dövlətimiz, xalqımız, millətimiz üçün xeyirli və uğurlu olsun. Amin, inşallah ! Ancaq qarşıda bizi çox məsuliyyətli və böyük zəhmət tələb edən işlər gözləyir. Yəqin ki, bizi izləyənlərin dəyərli məsləhətləri və yardımı ilə “ İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası ” Məhdud Məsuliyyətli Cəmiyyəti bu çətinliklərin öhdəsindən bacarıqla gələcək.

“ İRŞAD “ sözü Müqəddəs kitabımız QURANdan götürülmüşdür. Mənası “ Doğru yol göstərən “ deməkdir. 
Rəhmətlik babam Məhəmməd Kərbalayi Mikayıl oğlu (Mikayıl da Məhəmmədəlinin oğlu olub) bu sözü ilk oğul övladına ad eyləmişdir. Yəni, rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev bu adı dünyasını dəyişənədək şərəflə daşımışdır və Qarabağda, onun ürəyi, vuran əli sayılan Ağdamda nüfuz sahibi olmuşdur. Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Fəxri Xiyaban"ında dəfn edilmişdir. Rəhmətlik atamın adını yaşatmaq üçün təsisçisi olduğum Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyasına " İrşad " sözünü əlavə etdim.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).


QULAĞIMA BİR SƏS GƏLDİ...


" Mənim qəlbim dəfinələr adasıdır.
Basdırılıb burda ata, burda ana, burda qardaş, burda dost da.
Çəkilibdir dağ dağ üstən.
Qamçılayıb zaman məni.
Qovrulmuşam zaman - zaman.
Ağrını da, acını da, itkini də udan zaman,
Göz yaşımı ürəyimə axıtmışam.
Bəzən artıb ürəyimin ağırlığı diz bükmüşəm.
Ata, ata - deyə hönkürmüşəm..."

Yaşım yarım əsri keçib. Bu vaxtadək vicdanımın səsini tez - tez eşitmişəm. Həyatda üç idealım olub. Atam İrşad Məhəmməd oğlu Əliyev, Mustafa Kamal Paşa (Atatürk) və dahi Üzeyir Hacıbəyli. Bu şəxsiyyətləri kəşf etməkdə rəhmətlik atam yardımçım olub. Uşaq ikən o, mənə Tağının Ağdam şəhərindəki kitab mağazasından say - seçmə kitablar alıb gətirərdi. Ağdamda mənim on rəf kitabım var idi (Rayonumuzun erməni faşistləri tərəfindən işğalı zamanı evimizin bütün əşyaları ilə birlikdə kitablarım da düşmənin qənimətinə çevrildi). Dərslərimi hazırlayandan sonra qiraət etməyi çox xoşlayırdım. Yuxarıda adlarını çəkdiyim insanların gördükləri işlər barədə xeyli kitab oxuyandan sonra onları özümə ideal seçdim. Onların sırasında atamın yeri başqadır.
Cüssəli, qamətli atam böyük bir nəslin şərəfini vəfat edənədək çiyinlərində məğrurluqla daşıyıb. Vətənin çətin günlərində el - obasının, doğma Azərbaycanın ağrı - acıları ilə yaşayıb. Babalarının, nənələrinin var - dövləti bolşevik hökuməti tərəfindən mənimsənildiyinə görə, o da ailəsi ilə birlikdə iztirablı həyat sürüb. On yaşında olarkən atası vəfat edib. Bu məsum və qeyrətli körpə ailənin bütün ağırlığını öz üzərinə götürüb. Üç qardaşını və bir bacısını yaşatmaq, oxutmaq üçün anasına söykək olub. 
İkinci Dünya Müharibəsi başlayanda atamın 17 yaşı var imiş. Ağdam Rayon Hərbi Komissarlığı onun tay - tuşlarını müharibəyə səfərbər edir. Lakin atama yaşı aşağı olduğundan çağırış kağızı (povestka) göndərilmir. Atam dostlarından ayrı düsməsin deyə, Hurizat nənəm (Böyük mütəfəkkir, yazıçı Süleyman Sani Axundovun əmisi qızı Əziz xanımın ulu babam Mehdi bəylə izdivacından doğulan qızıdır) hərbi komissarlıqdan oğlunun da müharibəyə çağırılmasını xahiş edir. Beləliklə, atam 1941 - ci ildən 1947 - ci ilədək Sovet Ordusu sıralarında şərəflə xidmət edir. 
Əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od - alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.
Alman faşizminə qarşı 1941 - 1945 - ci illər müharibəsinin son yaylım atəşindən yarım əsrdən çox bir vaxt keçir. Dünyanın mütərəqqi ictimaiyyəti hər il bu Böyük Qələbəni təntənə ilə qeyd edir.
Faşizm cəlladlarına qarşı mübarizədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak etmişdir. Onların yarısı döyüş meydanlarında həlak olmuş və Avropa ölkələrinin ucsuz - bucaqsız ərazilərinə səpələnmiş qərib qardaşlıq məzarıstanlarında uyuyurlar.
İkinci Dünya Müharibəsi haqqında indiyədək çox yazılıb, çox deyilib. Yəqin ki, bu mövzu bundan sonra da uzun illər elmi, ədəbi, siyasi - publisistik yazıların əsas mövzularından biri kimi qalacaqdır. 
Azərbaycan oğulları ilə çiyin - çiyinə atam da alman faşizminə qarşı cəbhələrdə misilsiz mərdlik və qəhrəmanlıq nümunələri göstərir. Ordenlərlə, medallarla təltif olunur. Başqa azadlıqsevər xalqların nümayəndələrilə birlikdə döyüsən qəhrəmanlarımız, eləcə də mənim atam ümumbəşəri ideallar uğrunda canlarını qoymuşlar.
Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi. Hamısı alt - üst oldu. Qarabağı müharibəyə sürüklədilər. Bu müharibə, erməni daşnaqlarının əsassız torpaq iddiaları bizə dərd - kədər, ölüm - itim, məhrumiyyətlər gətirdi. Öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu "qaçqın", "köçkün" ifadələri ürəyimizdəkilərin mində birini əks etdirmir. Qarabağlıları respublikanın bütün şəhər və kəndlərinə səpələdilər. Onların genefondunu pozdular. Müsibət müsibət dalınca gəldi. Vicdanlı, namuslu insanların bu təhqirlərə tab gətirəni də oldu, gətirməyəni də. Atam dözmədi. Onu könüllü döyüşə atılmış qəhrəman oğullarımızın ruhlarının harayı, anaların ah - naləsi, qız - gəlinlərin fəryadı yandırdı. Yurd, əzizlərinin uyuduğu qəbiristanlıq və yerlə - yeksan edilən ev - eşik həsrətilə İrşad Məhəmməd oğlu Əliyev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Amin...

Adil İrşadoğlu ( Əliyev )
25.02.2015 - ci il, BAKI şəhəri.

Yazının əvvəlki variantı ilk dəfə 7 may 2005 - ci il tarixli
"Vətən uğrunda" qəzetində çap edilmişdir.

 

 

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.