www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
BİRİNCİ AVROPA OYUNLARININ BAKIDA KEÇİRİLMƏSİ TARİXİ HADİSƏDİR

İlk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci ildə Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılmışdır. Növbəti Oyunların keçirilməsi 2019-cu ildə nəzərdə tutulmuşdur.

Baş Assambleya iştirakçıları arasında Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina etmişlər.

İlk dəfə baş tutacaq Avropa Oyunlarının məhz Bakıda keçirilməsi tarixi hadisədir. Bu qərar Azərbaycan üçün çox böyük uğurdur. Bu, Azərbaycan xalqının, Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsidir, çünki o, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında demişdir :

" Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir.

Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər, ölkəmizin dinamik iqtisadi inkişafı əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı “Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmış, bizim reytinqimiz qaldırılmışdır.

Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu Forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər də əlbəttə ki, oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.

İqtisadiyyatımız son doqquz il ərzində üç dəfə artmış və bu gün iqtisadiyyat şaxələndirilmiş, dayanıqlı iqtisadiyyatdır. İqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, əlbəttə ki, maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini şərtləndirdi.

Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu həll edəcəyik.

Bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynamışdır.

Şəhər infrastrukturu müasirləşir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik.

Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz vardır. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.

Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.

Hesab edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir.

Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik ".

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qurulmuşdur. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Təşkilat Komitəsinin sədrinin qərarı ilə yaradılmışdır.

BAOƏK-in baş icraçı direktoru gənclər və idman naziri cənab Azad Rəhimov və baş əməliyyat direktoru cənab Saymon Kleqdir.

Avropa Oyunları üçün 4 obyekt qrupu üzrə 18 yarış obyekti mövcuddur. Daimi idman obyektlərinin sayı 12-dir. Onlardan beşi - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa edilmişdir. Həmçinin Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı müvəqqəti idman obyekti də yaradılmışdır.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Azərbaycanın, onun paytaxtı Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcəkdir. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır.

Ölkəmizin vətəndaşları, eləcə də bütün gənclərimiz və idman ictimaiyyətimiz bu möhtəşəm idman yarışlarının ən yüksək səviyyədə keçirilməsi üçün səylərini səfərbər etməlidirlər. İdmançılarımız isə bu yarışlarda yüksək qələbələr qazanmaqla xalqımızın sevincinə sevic qatmalıdırlar.


 

Adil İrşadoğlu (Əliyev)

www.irshadtv.com ilə

10.05.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.