www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası - Müsəlman şərqində ilk parlamentli respublika. Türk və Islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olmuşdur.

 

Yaranması :

ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² olmuşdur. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul edilərək gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdur.

Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etmişlər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa digər əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail olmuşlar.

30 may 1918 - ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilmişdir. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya almışlar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdir.

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918 - ci ildə Batumda aparılan danışıqların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdır. Bu müqavilə ilə Azərbaycan Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınmışdır. Müqavilədə Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım etmək barədə öhdəlik götürmüşdür.

17 iyun 1918 - ci ildə Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq öz fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyəti (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul etmişdir. Bu, Nuru paşanın tələbindən doğmuşdur. Həmin gün Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurası istefa vermiş və onun rəhbərliyi ilə ikinci hökumət qurulmuşdur.

24 iyun 1918 - ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilmişdir. Hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti rəmzi elan edilmişdir. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul edilmişdir.

26 iyun 1918 - ci ildə Cümhuriyyətin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etmişdir. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (Qafqaz İslam Ordusu) Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1- də verilmişdir. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başlamışdır. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilmişdir.

27 iyun 1918 - ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Göyçay yaxınlığındakı döyüşdə "Bakı Soveti"nin qoşunlarını məğlub etmişdir. Bu zəfərdən sonra Qafqaz İslam Ordusunun hissələri daşnak - bolşevik qoşunlarının hücumlarını dayandıraraq əks - hücuma keçməyə başlamışdır.

27 iyun 1918 - ci ildə Cümhuriyyətin hökuməti "Dövlət dili haqqında" qərar qəbul etmişdir. Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili elan olunmuşdur.

2 iyul 1918 - ci ildə Cümhuriyyətin Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr vermişdir. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulmuşdur.

10 iyul 1918 - ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak - bolşevik "Bakı Soveti"nin qoşunlarını məğlub etmişlər. Kürdəmir qəsəbəsi işğalçılardan azad olunmuşdur. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak - bolşevik qüvvələri üzərinə geniş əks - hücumu başlanmışdır. İyulun 14 - də azərbaycanlı - türk qoşun hissələri strateji əhəmiyyətli Kərar dəmir yolu stansiyasını ələ keçirmişlər.

15 iyul 1918 - ci ildə Cümhuriyyətin hökuməti azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmışdır. Komissiya 1918-ci ilin mart qırğınları ilə yanaşı, XX əsrin əvvəlindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri digər qətliamlar haqqında çoxsaylı materiallar toplamış, Cümhuriyyət hökumətinin qərarı ilə 31 mart "Soyqırımı günü" elan edilmişdir. Azərbaycanın sovetləşməsindən sonra bu tarix gizlədilmişdir.

20 iyul 1918 - ci ildə Cümhuriyyətin və türk (Osmanlı) hərbi qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak - bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad etmişdir. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdır.

6 sentyabr 1918 - ci ildə Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşmüşdür. Milli Şuranın sədri M.Rəsulzadə, "Müsavat" fraksiyasının üzvü X.Xasməmmədov və general S.Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilmişdir. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olmuşdur. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verilmişdir.

15 sentyabr 1918 - ci ildə baş verən ağır döyüşlərdən sonra Azərbaycan Demokratik Respublikası Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni - daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçmüşdür.

28 may 1919 - ci ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını xahiş etmişdir. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd etmişdir.

16 iyun 1919 - ci ildə Azərbaycanla Gürcüstan arasında hərbi müttəfiqlik paktı imzalanmışdır. Razılaşmaya əsasən Azərbaycan gürcü tərəfə neft verməklə əvəzində silah və texnika almağa başlamışdır. Hərbi pakta görə, tərəflər Rusiyanın hərbi təcavüzünə qarşı bir - birinə dəstək verməli idilər. Lakin 1920 - ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük vermişdir.

 

Ərazisi :

Azərbaycan Cümhuriyyətinin ərazisi haqqında ilk dəfə İstiqlal bəyannaməsində bəhs edilmişdir. Həmin sənəddə göstərilmişdi ki, Cənub - Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Lakin yenicə yaranmış Cənubi Qafqaz respublikalarının əraziləri və sərhədlərinin konkretləşdirilməsi ciddi problemlərlə qarşılaşmışdır. Azərbaycan və Erməni Milli Şuraları arasında sərhəd məsələləri üzrə danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 1918 - ci il 29 may tarixli iclasında müzakirə edilmişdir. Səs çoxluğu ilə İrəvan Ermənistan Respublikasına güzəşt edilmişdir və onun paytaxtı kimi tanınmışdır. Həmin qərar qəbul olunarkən hər iki respublikanın gələcəkdə konfederasiya şəklində birləşəcəyi, Ermənistanın Qarabağın dağlıq hissəsinə olan əsassız iddiadan əl çəkəcəyi və başqa məsələlər nəzərə alınmışdı. Lakin tarix bu addımın yanlış olduğunu göstərdi. Ermənilər həmin güzəştlərdən istifadə edərək, yeni - yeni ərazi iddiaları irəli sürdülər. İrəvan quberniyasında, Qarayazıda olan Azərbaycan hərbi hissələrinin 24 saat müddətində oradan çıxarılması haqqında ultimatum verdilər, azərbaycanlılara qarşı yeni soyqırımları həyata keçirməyə başladılar və bununla, həmin əraziləri zor gücünə ələ keçirməyə cəhd göstərdilər.

Azərbaycanla Gürcüstan arasında da sərhəd mübahisələri vardı. Gürcüstan hökuməti keçmiş Tiflis quberniyasına daxil edilmiş Azərbaycan torpaqlarını - Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan boyun qaçırdı. Gürcü silahlı qüvvələri alman hərbi dəstələri ilə birləşərək, 1918 - ci il iyunun əvvəllərində Borçalıya daxil olmuşlar. Ayın 14 - də Azərbaycanın Xarici Işlər Nazirliyi azərbaycanlıların məskunlaşdığı Borçalıya və digər ərazilərə birləşmiş gürcü - alman hərbi qüvvələrinin yeridilməsinə qarşı nota vermişdir. Sərhəd məsələsinin siyasi yolla həll olunmasını təklif etmişdir. Gürcüstan hökuməti buna razılıq verməmişdir. Cənubi Qafqaz respublikaları arasındakı ərazi mübahisələri daha kəskin şəkil almağa başlamışdır. Buna görə də həmin problemin beynəlxalq İstanbul konfransında müzakirə edilməsi qərara alınmışdır. 1918 - ci ilin noyabrında Əlimərdan bey Topçubaşovun Antanta dövlətlərinin İstanbuldakı nümayəndələrinə göndərdiyi xüsusi memorandumda Azərbaycanın ərazisi müəyyənləşdirilirdi. Bu məsələ daha geniş şəkildə - Paris sülh konfransındakı Azərbaycan sülh nümayəndəliyinin tələblərində də əks olunmuşdur. Həmin sənədə əsasən,Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə etmişdir : Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası), Yelizavetpol (Gəncə) quberniyası (Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı)), İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur -Dərələyəz qəzası, Sürməli qəzası, habelə Yeni Bəyazid qəzası, Eçmiədzin ve Aleksandropol qəzalarının bir hissəsi), Tiflis quberniyası (Borçalı qəzası, Tiflis ve Sığnax qəzalarının bir hissəsi), Zaqatala mahalı, Dağıstan vilayəti (Kürə ve Samur nahiyələrini əhate eden ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq -Tabasaran qəzasının bir hissəsi). Bundan başqa, Azərbaycan Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət vermişdir.

Lakin ərazi məsələlərini dinc yolla həll etmək mümkün olmamışdır. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər daha da fəallaşmışlar, ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla aparılan müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etmişlər. Ermənistan Azərbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirmişdir. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradılmışdır və bu Cümhuriyyət sonra Cənub - Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirilmişdir. Cənubi Qafqaz dövlətləri arasındakı ərazi mübahisələrini müzakirə etmək üçün nəhayət, 1919-cu il aprelin 25 - də Tiflisdə konfrans çağırılmışdır. Lakin konkret nəticə verməyən Tiflis konfransı da iyunda işini dayandırmışdır.

Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan - təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdur.

Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km, mübahisəli ərazi 16,6 min kv. km). Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər görmüşdür. Lakin Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldılmışdır. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alınmışdır.

Görkəmli dövlət xadimləri :

Məhəmməd Əmin Rəsulzadə
Əlimərdan bəy Topçubaşov
Fətəli xan Xoyski
Nəsib bəy Yusifbəyli
Əhməd bəy Pepinov
Camo bəy Hacınski
Xudadad bəy Məlikaslanov
Əkbər ağa Şeyxülislamov
Məmməd Yusif Cəfərov
Xosrov bəy Sultanov
Xəlil bəy Xasməmmədov

Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi :

İstiqlal Bəyannaməsi bütün türk - müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1) Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən 
Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2) Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3) Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4) Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.

5) Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6) Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan hökumətinin tərkibi :

I kabinə: 28.05.1918 - 17.06.1918
Nazirlər Şurasının sədri və daxili işlər naziri - F.Xoyski (bitərəf)
Hərbi nazir - X.SuItanov (müsavat)
Xarici işlər naziri - M.H.Hacınski (müsavat)
Maliyyə və xalq maarifi naziri - N.Yusifbəyli (müsavat)
Ədliyyə naziri - X.Xasməmmədov (müsavat)
Ticarət və sənaye naziri - M.Y.Cəfərov (bitərəf, sonra -müsavat)
Əkinçilik və əmək naziri - Ə.Şeyxülislamzadə (Hümmət)
Yollar, poçt və teleqraf naziri - X.Məlikaslanov (bitərəf)
Dövlət müfəttişi - C.Hacınski (sosialist)

II kabinə: 17.06.1918 - 07.12.1918
Nazirlər Şurasının sədri və ədliyyə naziri - F.Xoyski (bitərəf)
Xarici işlər naziri - M.Hacınski (müsavat).
Xalq maarifi və dini etiqad naziri - N.Yusifbəyli (müsavat)
Daxili işlər naziri - B.Cavanşir (bitərəf)
Əkinçilik naziri - X.Sultanov (müsavat)
Səhiyyə və sosial təminat naziri - X.Rəfibəyli (bitərəf)
Yollar naziri - X.Məlikaslanov (bitərəf)
Ticarət və sənaye naziri - A.Aşurov (bitərəf)
Maliyyə naziri - Ə.Əmircanov (bitərəf)
Portfelsiz nazir - Ə.M.Topçubaşov (bitərəf)
Portfelsiz nazir - M.Rəfiyev (müsavat)
Portfelsiz nazir - X.Xasməmmədov (müsavat)

06.10.1918 tarixli kabinədaxili dəyişikliklərdən sonra

Nazirlər Şurasının sədri - F.Xoyski (bitərəf)
Ticarət, sənaye və daxili işlər naziri - B.CavanĢir (bitərəf)
Xarici işlər naziri - Ə.M.Topcubaşov (bitərəf)
Maliyyə naziri - M.H.Hacınski (müsavat)
Xalq maarifi naziri - N.Yusifbəyli (müsavat)
Yollar naziri - X.Xasməmmədov (bitərəf)
Əkinçilik naziri - X.Sultanov (müsavat).
Xalq səhiyyəsi naziri - X.Rəfibəyli (bitərəf)
Poçt - teleqraf naziri - A.Aşurov (bitərəf)
Sosial təminat və dini etiqad naziri - M.Rəfiyev (müsavat)
Hərbi işlər üzrə müvəkkil - G.Ziyadxan (bitərəf)
Dövlət müfəttişi - Ə.Əmircanov (bitərəf)

III kabinə: 24.12.1918 - 14.03.1919
Nazirlər Şurasının sədri və xarici işlər naziri - F.Xoyski (bitərəf)
Daxili işlər naziri - X.Xasməmmədov (müsavat)
Maliyyə naziri Ġ.Protasov (Slavyan-Rus Cəmiyyəti)
Yollar naziri - X.Məlikaslanov (bitərəf)
Ədliyyə naziri - T.Makinski (?)
Maarif və dini etiqad naziri - N.Yusifbəyli (müsavat)
Poçt - teleqraf və əmək naziri - A.Səfikürdski (sosialist)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Sosial təminat naziri - R.Xoyski (bitərəf)
Xalq səhiyyəsi naziri - Y.Gindes (Slavyan-Rus cəmiyyəti)
Ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf)
Dövlət müfəttişi - M.H.Hacınski (16.01.1919 tarixindən - Ə.Həsənov)
Ərzaq naziri - K.Lizqar (Slavyan-Rus cəmiyyəti)
Əkinçilik naziri - X.Sultanov (müsavat)

IV kabinə: 14.03.1919 - 26.12.1919
Nazirlər Şurasının sədri və daxili işlər naziri - N.Yusifbəyli (bitərəf)
Maliyyə naziri - Ə.Həsənov (bitərəf)
Ticarət və sənaye naziri - A.Əminov (bitərəf)
Xarici işlər naziri - M.Y.Cəfərov (müsavat)
Yollar naziri - X.Məlikaslanov (bitərəf)
Poçt - teleqraf naziri - C.Hacınski (sosialist)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Sosial-təminat naziri - V.Klenevski (Slavyan-Rus cəmiyyəti)
Səhiyyə naziri - Abram Dastakov (daşnaksütun)
Maarif və dini etiqad naziri - R.Kaplanov (əhrar)
Əkinçilik naziri - A.QardaĢov (əhrar)
Portfelsiz nazir - X.Amaspür (daşnaksütun)
Dövlət müfəttişi - N.Nərimanbəyli (müsavat)
Ədliyyə və əmək naziri - A.Səfikürdski (sosialist)
Sonralar daxili işlər naziri - X.Xasməmmədov (müsavat)

V kabinə: 24.12.1919 - 01.04.1920
Nazirlər Şurasının sədri - N.Yusifbəyli (müsavat)
Xarici işlər naziri - F.Xoyski - (bitərəf)
Hərbi nazir - S.Mehmandarov (bitərəf)
Daxili işlər naziri - M.H.Hacınski (18.02.1920-dən sonra M.Vəkilov) (birincisi əvvəl müsavat, sonra kommunist M.Vəkilov - müsavat)
Ədliyyə naziri - X.Xasməmmədov (müsavat)
Maliyyə naziri - R.Kaplanov (əhrar)
Maarif və dini etiqad naziri - H.Şaxtaxtinski (05.03.1920-dən sonra
Şahsuvarov, hər ikisi - ittihad)
Əmək və əkinçilik naziri - Ə.C.Pepinov (sosialist)
Yollar naziri, eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir - X.Məlikaslanov (18.02.1920-dən sonra ticarət, sənaye və ərzaq naziri - M.H.Hacınski)
Poçt - teleqraf naziri - C.Hacınski (sosialist)
İctimai təminat və səhiyyə naziri - M.Rəfiyev (müsavat)
Dövlət müfəttişi - H.Məmmədbəyov (ittihad)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Tərkibi :

Parlamentin sədri - Əli Mərdan bəy Topçubaşov
Sədrin I müavini - Məmməd Yüsif Cəfərov
Sədrin Müavini - Sultan Məcid Qənizadə (Qəniyev)
Parlamentin baş katibi - Bağır bəy Rzayev
Katiblər - Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı

I. Müsavat və Birtərəflər fraksiyası
Məhəmməd Əmin Rəsulzadə
Həsən bəy Ağayev
Nəsib bəy Yusifbəyli
Xəlil bəy Xasməmmədov
Məhəmməd Həsən Hacınski
Abbasqulu Kazımzadə
Musa bəy Rəfizadə
Cavad bəy Məlikyeqanlı
Mehdi bəy Hacınski
Mehdi bəy Hacıbababəyov
Rəhim bəy Vəkilov
Şəfi bəy Rüstəmbəyli
Hacı Səlim Axundzadə
Mustafa Mahmudov
Asəf bəy Şıxəlibəyov
Abuzər bəy Rzayev
Əhməd Həmdi Qaraağazadə
Ağa Əminov
Nəriman bəy Nərimanbəyli
Mirzə Sadıx Axundzadə
Müseyib bəy Axıcanov
Mustafa Vəkilov
Məmməd Bağır Şıxzamanov
Məmməd Əli Rəsulzadə
Murtuza Axundov
Rza bəy Axundov
Məmməd Rza Vəkilov
Cəlil bəy Sultanov
Əşrəf Tağıyev
Məmməd Yusif Cəfərov
Mirzə Əsədullayev
Yusif Əhmədzadə
Baxış bəy Rüstəmbəyov
Fətəli Xan Xoyski
Ağa bəy Səfərəliyev
Əsədulla Əhmədov
Ağa Aşurov
Qulamhüseyin bəy Kazımbəyov

II. İttihad fraksiyası
Qara bəy Qarabəyli
Mir Yaqub Mehdiyev
Qazı Əhməd bəy Məmmədov
Cəmil bəy Ləmbəranski
Bəhram bəy Vəzirov
Sultan Məcid Qənizadə
Həmdulla əfəndi Əfəndizadə
Zeynal bəy Vəzirov
Heybətqulu bəy Məmmədbəyli
Əli bəy Zizikski
Qara bəy Əliverdilər
Əsəd bəy Əmirov
İsgəndər bəy Axundov

III. Əhrar fraksiyası
Aslan bəy Qardaşov
Hacı molla Əhməd Nuruzadə
Muxtar əfəndi Əfəndizadə
Qərib Kərimoğlu
Bayram Niyazi Kiçikxanlı

IV. Sosialistlər fraksiyası
Səməd ağa Ağamalıoğlıu
Əli Heydər Qarayev
Qasım bəy Camalbəyov
Hacı Kərim Sanılı
Əhməd bəy Pepinov
Camo bəy Hacınski
Rza bəy Qaraşarlı
Aslan bəy Səfikürdlü
İbrahim Əbilzadə
Bağır Rzayev
Vladislav Bakradza
Əkbər Şeyxulislamzadə
İbrahim İsmayılzadə

V. Bitərəflər
Bəhram bəy Axundov
Behbud bəy Cavanşir
Əbdüləli bəy Əmircanov

VI. Müstəqillər
Əli Mərdan bəy Topçubaşov
Səməd bəy Mehmandarov
Xudadat bəy Məlikaslanov
Bababəy Qəbulzadə

VII. Sol müstəqil
Abdulla bəy Əfəndizadə

VIII. Slavyan - Rus İttifaqı fraksiyası
Viktor Klanevski
Vasili Kravcenko
Serqey Remizov
Fyodor Kotılevski

IX. Milli azlıqlar fraksiyası
Lorens Kun
Moisey Quxman
Stanislav Vonsovic
Vasil Kujim

X. Erməni fraksiyası
Arşak Paronyan
Yervan Taqionosov
İsaq Xocayev
Stepan Taqionosov
Georgi Şahnazarov

XI. Daşnaksütyun fraksiyası
Arşak Malxazyan
Xoren Amaslür
Poqos Cubarlı
Abqar Papyan
Aleksandr Ter- Azeryan
Bogdan Balayans

 

İSLAHATLARI:

Azərbaycan Demokratik Respublikası rəhbəri Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alınmışdır.

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail olmuşdur. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa bəy Rəfiyevin sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edilmişdir. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyatı güclü olan, parlamentin işinə kömək edən bir şəxs olmuşdur. Molla Ağa Əlizadə Şərqdə ilk Demokratik Respublikanın yaranmasını ürəkdən alqışlayan din xadimi olmuşdur. O, Azərbaycan Demokratik Respublikası yaranmasının birinci ildönümü münasibətilə demişdir:

"Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidəsini və fikrini şövqlə söyləmək və öz bəşəri iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Asılı olmayan tədris ocaqlarında - orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah - təalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişara yetirmək olar. İstiqlal hər bir tayfaya və hər bir şəxsiyyətə lazımdır".

Bu zaman Azərbaycan Demokratik Cümhuriyyəti vicdan azadlığını təmin etmək sahəsində ilk addımlarını atmışdır.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilmişdir ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti qeyri dini, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi:

"Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir".

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başlamışdır. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilməmişdir. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik olmuşlar. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil etmişlər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.

Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutmuşdur.

Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın olmuşdur. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox marağlıdır.

27 aprel 1920 - ci ildə Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olmuşdur. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşürdü, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdir. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum vermişdir. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşmış və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etmişdir. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmamışdır.
Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.

 

ADR-də yerləşən xarici ölkələrin nümayəndəlikləri :

1) Böyük Britaniya - Vice Consul Gevelke
2) Ermənistan - Diplomatik nümayəndə G.A. Bekzadyan 
3) Belçika - Konsul Ayvazov 
4) Yunanıstan - Konsul Koussis
5) Gürcüstan - Diplomatik nümayəndə N.S. Alışbey
6) Danimarka - E.F. Bisrinq
7) İtaliya - Konsul Enrico Ensom 
8) Litva - Konsul Vinças Micgevuckas 
9) İran - Consul Saad Ul Vizirov
10) Polşa - Konsul S. Rylsky 
11) ABŞ - Konsul Randolf 
12) Ukrayna - Konsul Golovan
13) Finlandiya - Konsul Vegelius 
14) Fransa - Konsul Emelyanov 
15) İsveçrə - Konsul Clateau 
16) İsveç - Konsul R.K. Vander-Plouq

 

Təhsil islahatları :

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti davam etdirmişdir. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini - 1918-ci il 27 iyun tarixli qərarını qəbul etmişdir. Qərara əsasən Azərbaycan - türk dili dövlət dili elan edilmişdir. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirmişdir. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlananadək müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilmişdir. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət vermişdir. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi olmuşdur. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak etmiş, son qəpiyini əsirgəməmişdir.

Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilmişdir ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunmuşdur ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.

Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac olmuşdur. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün Türkiyədən müəllimlər dəvət edilmişdir. Onlar qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamışlar.1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etmişdir. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olunmuşdur. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında olmuşdur. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlanmışdırlar.

Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunmuşdur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılmışdır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılmışdır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil almışdır. Kursları bitirənlərin demək olar ki, hamısı məktəblərə müəllim təyin edilmişdir. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirmişdir. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdir. 1919-cu ildə "Türk əlifbası", "Təzə elmi hesab", "İkinci il", "Yeni məktəb", "Ədəbiyyat dərsləri", "Müntəxəbat", "Türk çələngi", "Tarixi-təbii", "Rəhbər cəbr" dərslikləri nəşr olunmuşdur. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Firudin bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak etmişlər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılmışdır.

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərmişdir. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrilmişdir. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərmişlər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdir.

 

Azərbaycan Milli Kitabxanası

www.irshadtv.com ilə

27.05.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.