www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

Bu gün Silahlı Qüvvələrimizin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini və Azərbaycanda yaşayan milli azlıqları fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb etmişdi.

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilmişdir ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı və özünün silahlı qüvvələrini yaratmalıdır.

1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanmışdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülmüşdür. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılmışdır. Avqustun 1- də ADXC-nin Hərbi Nazirliyi təsis olunmuş və Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edilmişdir. Sonra istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25 - də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilmişlər.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərmişdir, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etmişdir. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.

1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdir.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilmişdir.

1920-ci il aprelin 28-də Azərbaycan Sovetlər tərəfindən işğal edildikdən sonra bolşevik hökuməti Milli Ordumuzu ləğv etmişdir. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılmış və güllələnmişdir.

Əsası Azərbaycan Demokratik Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılmış və inkişaf etdirilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etmişdir.

Bu dövrdə ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşmişdir. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran vəzifələrdən biri Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq olmuşdur. Bu proses isə çox çətinliklə həyata keçirilmişdir. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilmişdir. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edilmişdir. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılmışdır. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulmuşdur. 
1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də insanlarımızın vətənpərvərlik hissinin artırılması üçün atılan ilk addım olmuşdur.

Azərbaycan Respublikasının Milli Ordusu barədə Prezidentin 18 sentyabr 1992-ci il tarixli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycanda peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulmuşdur. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşılmışdır, silahlı qüvvələr pərakəndəlikdən xilas olmuşdur, ordudakı siyasiləşməyə son qoyulmuşdur.

Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdir. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etmişdir. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdur. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edərkən Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə Vətənimizin ürəyi olan Qarabağı və digər torpaqlarımızı işğal etmişlər. İşğal olunmuş ərazilərimizi istənilən an azad etmək üçün bizə silahlı qüvvələrimizi daha da modernləşdirmək vacibdir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

QEYD : BU GÜN VƏTƏNİNİ, XALQINI, MİLLƏTİNİ SEVƏN SOYDAŞLARIM ÜÇÜN DAHA BİR ƏLAMƏTDAR GÜNDÜR. 
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ YARADILMASI GÜNÜNDƏ - 26 İYUNDA ( 26.06.2014 ) HƏM DƏ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" MMC - NİN TƏSİS OLUNDUĞU GÜNDÜR. İNDİ "İRŞAD - TELERADİO VERİLİŞLƏRİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏR KOMPANİYASI" NDA ƏSASLI FƏALİYYƏTƏ BAŞLAMAQ ÜÇÜN SÜRƏTLƏ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR. TEZLİKLƏ SİZ KOMPANİYANIN İSTEHSAL ETDİYİ TELERADİO VERİLİŞLƏRİNİ, SƏNƏDLİ VƏ BƏDİİ FİLMLƏRİNİ İNTERNET VASİTƏSİLƏ İZLƏYƏ BİLƏCƏKSİNİZ.

 

 

Azərbaycan Milli Kitabxanası

www.irshadtv.com ilə

26.06.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.