www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
MİLLİ  MƏTBUAT  VƏ  JURNALİSTİKA  GÜNÜ

Milli mətbuatımızın 140 illiyi dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdır. Bu qəzetin ilk nömrəsi 1875 - ci il iyulun 22 - də çapdan çıxmışdır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks - səda doğurmuşdur. 1875 -1877- ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.

"Əkinçi" qəzeti xalqımızın milli oyanışında və milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdır.

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi" dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. 
XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (1880 - 90-cı illər) qəzetləri nəşrə başlamışdır.
XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə etmişdirlər. Bu gərgin mübarizə öz nəticəsini vermişdir. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır. 1906 - cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyulmuşdur. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları isə qadınlardan ibarət olmuşdur.
Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdir. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi.

Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi - siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli - mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hər il "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.


X X X


Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyilə bağlı bu da mənim ürək sözlərim :

Bildiyiniz kimi jurnalist peşəsi çox çətin və məsuliyyətli peşədir. İndi ölkəmizdə Azərbaycan jurnalistlərinin əksəriyyəti aldıqları maaşla özlərinə və ailələrinə normal həyat şəraiti yarada bilmirlər. Ona görə də dünya praktikasında ilk dəfə olaraq Azərbaycan hakimiyyəti jurnalistlər, mətbuat işçiləri üçün yaraşıqlı, çoxmərtəbəli binalar tikir və həmin binalardakı mənzilləri bəzəyərək bu şərəfli peşə sahiblərinə növbə ilə təntənəli şəkildə bağışlayır. 
İnşallah, yəqin ki, bizim də bəxtimiz tezliklə üzümüzə gülər. Sağlığımda mən də, ailəm də rahatlıq tapardıq.

*Vətənimi çox sevirəm, onun uğrunda canımı fəda etməyə hazıram. Ancaq istəyirəm ki, Vətən də azacıq məni sevsin...

*Əzizlərim, heç vaxt kişilikdən dəm vurmadım, kişi olmağa çalışdım. Demokratiyadan danışmadım, demokrat olmağa çalışdım.

*Boğazdan yuxarı Vətən, Vətən demədim. Vətənpərvər olmağımı əməllərimlə sübut etdim və edirəm...

*Çoxlarından fərqli olaraq heç vaxt xalqın adından danışıb saxta and içmədim.

*Saxta mövqe tutmadım, saxta salamlaşıb, saxta gülmədim.

*Mən vicdanlı, namuslu, xeyirxah, səxavətli, halal olmağı bu insanlardan öyrəndim. Ölənədək onlara borcluyam. Onları müəllimlərim sayıram. Kimdir onlar ?

Atam İrşad Məhəmməd oğlu Əliyev, anam Qənirə Rüstəm qızı Rüstəmova, atamın qohumu Süleyman Sani Axundov, Həsən bəy Zərdabi, Mustafa Kamal Paşa, Məmmədəmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Əhməd Cavad, Əbdürrəhim bəy Haqverdiyev, Rəşad Nuri Güntəkin, Səməd Vurğun, Abbas Zamanov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəm oğlu Rüstəmov, Elşad Quliyev, Sabir Rüstəmov, Seyfulla Cəfərov, Vasif Babayev, Aslan İsmayılov. Bu dünyasını dəyişənlərə min rəhmət, yaşayanlara isə can sağlığı arzulayıram.

ALLAH VERƏN ÖMRÜ DƏYƏRİNCƏ YAŞAMAQ HƏR İNSANA NƏSİB OLMUR. ARZU EDİRƏM Kİ, BU XOŞBƏXTLİK HAMIYA NƏSİB OLSUN. DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM.

 

 

ADİL İRŞADOĞLU ( ƏLİYEV )
veteran televiziya və qəzet jurnalisti, 
birinci Qarabağ müharibəsinin iştirakçısı

www.irshadtv.com ilə

21.07.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.