www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
VARLIĞI ODLARA QALANAN VƏTƏN

Bu günlər dünyada yaşayan bütün azərbaycanlılar "XOCALI SOYQIRIMI" represiyasını ürək yanğısı ilə yad edirlər.

Xocalı soyqırımı insaniyyətə qarşı cinayətdir. Xocalı soyqırımı dünyadakı bütün dinlərin qəbul etmədiyi bir cinayətdir.
Xocalı faciəsini törədən cinayətkarların və onların arxasında duran qüvvələrin əsas məqsədi Azərbaycan torpaqlarının işğalı və bu ərazilərdə etnik təmizləmə siyasətinin aparılması olub. Düşmənlərimiz öz məqsədlərinə günahsız insanların qanı hesabına çatıblar. Onlar qəsbkarlıq siyasətlərindən əl çəkmək istəmirlər. Bu kütləvi qırğını törətmiş cinayətkarlar hələ də azadlıqdadırlar. Mən haqq - ədalətin zəfər çalacağına, bu cinayətkarların öz layiqli cəzalarını alacaqlarına ümid edirəm. Bunun üçün xalqımın beynəlxalq birliyin köməyinə də ehtiyacı var.

Bu gün, həm də, "qanadımı" itirdiyim gündür. O vaxtdan tək qanadla qalmışam, heç yana uça bilmirəm. Könlüm keçir Qarabağdan, uça bilmirəm. Könlüm keçir İrəvandan, uça bilmirəm. Könlüm keçir Urmiyadan, uça bilmirəm. Tək qanadla uçmaqmı olar ?

Bəli, bu gün, "qanadımı" itirdiyim gündür. Bu gün (27.02.2007) mərhum qardaşım Oqtay İrşad oğlu Əliyevi itirdiyim gündür. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, mərhum Oqtay İrşad oğlu Əliyevin vətənimiz, xalqımız, dövlətimiz üçün gördüyü işlərdən, aldığı qiymətli mükafatlardan bu vaxtadək çox soydaşımız xəbərsiz olub. Oqtay Əliyev də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yorulmadan çalışıb. Birinci Qarabağ müharibəsində əlinə silah götürüb erməni təcavüzkarlarına qarşı döyüşüb. Ermənistan və onun himayədarları tərəfindən Qarabağda yaradılan terrorçu rejimin ölkəmizin sərhədlərini zorla dəyişdirməyə cəhd göstərməsinə qarşı mübarizə aparıb. Müharibə veteranı adını qazanıb. Atəşkəs dövrü Qarabağ həsrətindən, orada dəfn edilmiş əcdadlarının həsrətindən, şəhid olmuş dostlarının həsrətindən sıxıntı çəkərək 45 yaşında şəhid olub.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN ! AMİN ...

" EY ADAMLAR, BİR ARZUM VAR, QOYUN DEYİM,
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA.
YAXŞILARA SAĞLIĞINDA YAXŞI DEYİN,
SAĞLIĞINDA YAMAN DEYİN YAMANLARA ".


Oqtay İrşad oğlu Əliyev, 18 oktyabr 1960 - cı ildə Ağdam şəhərində anadan olmuşdur. 1967 - ci ilin sentyabr ayında Ağdam şəhər 2 Saylı Beynəlmiləl Orta Məktəbin birinci sinfinə qəbul edilmiş, 1977 - ci ilin yayında həmin məktəbin 10 - cu sinfini bitirmişdir. 1977 - ci ilin avqust və sentyabr aylarında Tikinti Bankının Ağdam Rayon Şöbəsində mühasib işləmişdir. 1977 - ci ilin sentyabr ayının axırlarından 1978 - ci ilin avqust ayınadək Ağdam şəhər Tikinti - Təmir sahəsində fəhlə işləmişdir. 

1978 - ci ildə S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin
( indiki Bakı Dövlət Universiteti ) filologiya fakültəsinin rus bölməsinə daxil olmuş və 1983 - cü ildə həmin universitetin tam kursunu bitirərək filoloq, müəllim ixtisası almışdır. 1983 - cü ilin iyun ayından avqust ayının axırınadək Neftçala rayonunda " №" saylı hərbi hissədə hərbi toplanışda olmaqla leytenant rütbəsi almışdır.

Universiteti bitirdikdən sonra təyinatla Ağdam Rayon Xalq Maarif Şöbəsinin sərəncamına göndərilmişdir. 1983 - cü ilin sentyabr ayından oktyabr ayının sonunadək Ağdam şəhər 7 Saylı Orta Məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1983 - cü ilin noyabr ayından 1986 - cı ilin fevral ayınadək Ağdam şəhər 6 Saylı Orta Məktəbdə ixtisası üzrə rus dili müəllimi işləmişdir. 

+) 1986 - cı ilin fevral ayından 1987 - ci ilin fevral ayınadək SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk şəhərində yerləşən ali məktəbində ali kursların dinləyicisi olmuşdur.

+) 1987 - ci ilin fevral ayından 27 fevral 2006 - cı il tarixinədək ( yəni, iş başında rəhmətə gedənədək ) Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin orqanlarında və Nazirliyin özündə yorulmadan çalışmışdır.

+) Keçiriləcək əməliyyat əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün 1990 - cı ilin yanvar - fevral aylarında MTN - nin Ağdam rayon şöbəsinə, erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etmək üçün 1991 - ci ilin iyul ayında isə MTN - nin Goranboy rayon bölməsinə ezamiyyətə göndərilmişdir. Oqtay İrşad oğlu Əliyev ona tapşırılan vəzifəni məsuliyyətlə icra etmişdir.

+) 1992 - ci ilin fevral ayından 1993 - cü ilin avqust ayınadək MTN - nin Ağdam rayon şöbəsində könüllü xidmət edərək keçirilən bir sıra hərbi əməliyyatlarda da yaxından iştirak etmişdir. Ağdam rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmazdan 2 (iki) gün əvvəl bölmənin istifadəsində olan əməliyyat rabitəsini, icraatında olan bütün əməliyyat sənədlərini öz təkid və təşəbbüsü ilə şəxsən xilas edib çıxarmış və mühüm sənədlərin düşmənin əlinə keçməsinə imkan verməmişdir. Oqtay İrşad oğlu Əliyev həmin sənədləri MTN - nin Yevlax rayon şöbəsinə təhvil vermişdir.

+) 1993 - cü ilin avqust ayında yenidən MTN - nin Biləsuvar rayon şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.

+) 1995 - ci ilin dekabr ayının axırlarında MTN - nin Yardımlı rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir.

+) Vətənə göstərdiyi təmənnasız xidmətlərinə, tutduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyinə və rəhbərlik tərəfindən verilən tapşırıqları ləyaqətlə yerinə yetirdiyinə görə Oqtay İrşad oğlu Əliyev irəli çəkilərək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin özündə işlə təmin edilmişdir.

+) 1997 - ci ildə "Qarabağ Müharibəsi Veteranı" adını qazanmışdır.

+) Oqtay İrşad oğlu Əliyev 25 mart 2005 - ci ildə 10 (on) il qüsursuz xidmətinə görə 3 - cü dərəcəli, 15 (on beş) il qüsursuz xidmətinə görə 2 - ci dərəcəli medallarla və sonrakı fəaliyyətində digər mükafatlarla təltif edilmişdir.

Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan atası İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində,1993 - cü ilin mart ayında Azərbaycana, Qarabağa qarşı haqsızlıqlara dözməyərək dünyasını dəyişmişdir. Ağdamın "Fəxri Xiyaban" ında dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anası, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 Saylı Beynəlmiləl Orta Məktəbin hər iki bölməsində - Azərbaycan və Rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 Saylı Orta Məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı Orta Məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

1955 - ci il təvəllüdlü bacısı, Elmira İrşad qızı Əliyeva kimya fənni üzrə müəllimə işləyir. 

1953 - cü il təvəllüdlü qardaşı, Adil İrşadoğlu ( Əliyev ) uzun müddət Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif məsul vəzifələrdə çalışmış, 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmiş, 1 - ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Teleşirkətdə işlədiyi zaman qəzet və jurnallarda maraqlı yazılarıyla çıxış etmişdir. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşdur. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür. 

Adil İrşadoğlu ( Əliyev ) hazırda Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. 
" İRŞAD - Teleradio verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" MMC - nın təsisçisi və direktorudur.

Oqtay İrşad oğlu Əliyevdən bizə iki övladı yadigar qalıb. Babək və Nəriman Əliyevlər. İkisi də soy - kökünə sədaqətli, vicdanlı, qeyrətli, vətənpərvər oğullardır...

Oqtay İrşad oğlu Əliyev barədə yazımı Azərbaycan xalqının sevimli şairi, doğma yurd, dözülməz Qarabağ həsrətilə əbədiyyətə qovuşan, xalqının sevincinə qarışıb, kədərini öz içindən yana-yana keçirən, zamanından asılı olmayaraq millətinin haqq səsini, sözünü düz hədəfinə deməyi bacaran cəsur, mərd şair, böyük alim, böyük insan FAMİL MEHDİnin aşağıdakı şeyirilə bitirirəm. Şeyirin həcmi böyük olduğundan bir hissəsini çap etməyi münasib bildim.

QAÇQINLAR, ÖLMƏYİN, AMAN GÜNÜDÜR

Qaçqınlar, ölməyin, aman günüdür,
Ölməyin, dünyanın yaman günüdür.
Qurd yatıb dərədə dananı güdür,
Qanmazlar bərədə qananı güdür.
Ölməyin, bu dünya yaman bürküdür
Bu günkü bu bürkü məni hürküdür.
Ölüm Allah əmri - deyib atalar,
Bu ölüm zamanın bəlkə görküdür?

Ölən doğrudanmı can qurtarır? - Yox !
Qalanın dərdləri öləndən də çox.
Səslə, qəbristanda yer üstə rüşvət,
Yer altında rüşvət, yer üstdə rüşvət.
Qaçqınlar, ölməyin, aman günüdür,
Ölməyin, millətin yaman günüdür...

...Əzrayıl çoxalır, yaman çoxalır,
Elə bil zəmidə ilan çoxalır.
Əlini tərpətdin, əlindən çalır,
Dilini tərpətdin, dilindən çalır.
Gündüzlər qapıdan qovulsanız da,
Gecələr yuxuda qovrulsanız da, 
Lap ölüb, yenidən doğulsanız da,
Yaşayın, ölməyin aman günüdür,
Ölməyin, dünyanın yaman günüdür.

Azmı ölməlilər, canlı meyidlər.
Qayğısız, uyğusuz, duyğusuz kütlər,
Millət qapazları, Vətən pazları,
Zamanın məkrli qumarbazları.
Ölsün, ölməlilər az deyil, ölsün,
Anamı öldürən Əzrayıl ölsün!
Atamı öldürən Əzrayıl ölsün!

Varlığı odlara qalananların,
Ağlamaq haqqı yox, gülmək haqqı yox.
Şuşası, Ağdamı talananların
Yaşamaq haqqı yox, ölmək haqqı yox!
Qaçqınlar, ölməyin, aman günüdür,
Ölməyin, millətin yaman günüdür!

 

Hazırladı: Adil İrşadoğlu ( Əliyev )
25.02.2015 - ci il, BAKI şəhəri.

 

 

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.