www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
20 YANVAR - XALQIMIZIN ÖZ VARLIĞINI TƏSDİQ ETDİYİ GÜNDÜR

20 Yanvar faciəsinin dövlət anım tədbirləri ictimai maraq tələblərinə tam cavab verir. Rəsmi sənədlər faciənin beynəlxalq miqyasda tanınmasında müstəsna rol oynayır.

Əziz oxucular, Azərbaycan xalqının həyatını kökündən dəyişən, onu dövlət müstəqilliyini əldə etməyə haraylayan 20 Yanvar faciəsini xatırlamaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. 1990-cı ilin 20 yanvar günündə baş verən bu qanlı hadisə zamanı çoxlu sayda vətəndaşımız dövlətimizin suverenliyi uğrunda canlarından keçib şəhid oldular. Bu faciənin başvermə səbəbləri, qırğına tuş gələn insanların qəhrəmanlığı haqqında yüzlərlə yazı yazılıb, bu faciəyə qiymət verilib. Amma bu məsələni nə qədər gündəmə gətirsək, yenə də köhnəlmir, bir tərbiyəvi, örnək olay kimi insanların yaddaşında yaşayır.

20 Yanvar faciəsinə xalqımız özünün yalnız qara günü kimi deyil, həm də özünü, varlığını bir daha təsdiq etdiyi şərəfli, şanlı bir gün kimi münasibət bəsləyir. Həmin gün Vətən öz övladlarını sanki sınağa çəkdi və heç kəs bu sınaqdan üzü qara çıxmadı. Canlarını tankların altına atanlar, sinələrini avtomat güllələrinə sipər edənlər dövlətimizin azadlığını qazandılar. Allah onların hamısına rəhmət etsin! Azərbaycanda iyirmi yanvar şəhidlərinin ruhuna hər zaman böyük hörmət, ehtiram olub, olacaq da. 20 Yanvar şəhidlərinin vəfat etdiyi tarix hər il ardıcıl olaraq ümumxalq hüzn günü kimi yada salınır. Məlumdur ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti hər zaman 20 Yanvar şəhidlərinin dəfn edildiyi Şəhidlər Xiyabanını ziyarət edir. Bu xiyaban müqəddəs bir məkan kimi xaricdən gələn rəsmi, eləcə də qeyri-rəsmi qonaqların ilk gəldiyi, baş əydiyi yerlərdən biridir. Azərbaycan dövlətinin, ölkə Prezidentinin 20 Yanvar faciəsinə xüsusi münasibəti var. Bu məsələdə dövlət və ictimaiyyətin mövqeyi, fikirləri üst-üstə düşür.

Tarixçilər bildirir ki, 20 Yanvar faciəsinin baş verməsində günahkar olan şəxslər məsuliyyətə cəlb edilməsə də, xalqımızın ictimai qınağına tuş gəliblər.

Tarixçi Vəfa Təhməzovanın sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələrilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib: "Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvar günündə xalqımız ayağa qalxaraq torpaqlarımıza qarşı ərazi iddiası ilə çıxış edən daşnak ermənilərə tutarlı cavab verdi. Ermənistanın ölkəmizə qarşı yeritdiyi təcavüzkar siyasət, onun şovinist hərəkətləri xalqımızı çox hiddətləndirdi. Bu üzdən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qaldı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Bakıya yeridilən qoşunun tərkibinə gəlincə, rəsmi sənədlərə görə, onların sayı 60 min nəfərə yaxın olub. Onlar "döyüş tapşırığı"nı həyata keçirmək üçün möhkəm psixoloji hazırlığa malik idilər. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilib. Əslində bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən - dırnağadək silahlandırılan qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bilirik ki, həmin ordunun Bakıya yeridilməsi xalqımıza böyük bir kədər, hüzn yaşatdı. Bu ağrı-acının əsas günahkarlarından biri SSRİ-nin ilk və son prezidenti Mixail Qarbaçov idi. Qanlı 20 Yanvar faciəsindən dərhal sonra öz həyatını və ailə üzvlərinin həyatını təhlükə altında qoyan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünyaya çatdırıb, keçmiş SSRİ rəhbərliyinin cinayətkar əməllərini ifşa edib. 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra siyasi və hüquqi qiymət verildi, həmin qırğının azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan xalqımıza divan tutmaq üçün törədildiyi bəyan edildi. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanları və sərəncamları ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilib, "20 Yanvar şəhidi" fəxri adı təsis olunub, ölkəmizin rəsmi təqviminə 20 Yanvar Ümumxalq Hüzn Günü kimi daxil edilib, Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksi ucaldılıb, şəhid ailələrinin və əlillərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görülüb. Ulu öndərin bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib.

İllər keçsə də, xalqımız 20 Yanvar faciəsi qurbanlarının milli azadlıq mübarizəmizin tarixindəki qəhrəmanlığını heç vaxt unutmayacaq, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətçiliyimizin möhkəmlənməsi naminə milli həmrəyliyi daha da möhkəmləndirəcək. Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsində böyük imtahandan keçdi. Burada şəhid olanlar bu xalqın bir parçası olan insanlar idi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) "20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu. 18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılan parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

Xalqımızın əbədi and yeri olan Şəhidlər Xiyabanının yenidən qurulması və əsaslı şəkildə bərpası Azərbaycan ictimaiyyətinin ürəyindən olan bir məsələ oldu. Dövlət başçımız İlham Əliyevin Şəhidlər Xiyabanı Kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Bu Sərəncama əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı. 2006-cı il yanvarın 19-da dövlət başçısının "20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Azərbaycan dövlətinin 20 Yanvar faciəsilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət öz bəhrəsini verməkdədir. Artıq dünyanın çox yerində 20 Yanvar şəhidləri azadlıq uğrunda mücadilə verən insanlar kimi yada salınır. Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar 20 Yanvar şəhidlərinin qəhrəmanlığını fəxrlə xatırlayır. Dərsliklərdə şagirdlərə 20 Yanvar şəhidlərinin qəhrəmanlıq epopeyası haqqında məzmunlu bilgi verilir. Bədii və sənədli filmlərdə 20 Yanvar şəhidlərinin həyatı, şücaəti təsvir edilir, yüzlərlə təsviri incəsənət nümunəsindən onların igidliyi boylanır...

Milli hüzn günlərimizə münasibətdə dövlətimizin apardığı siyasət, həyata keçirdiyi işlər ictimaiyyətin, şəhid ailələrinin, eləcə də 20 Yanvar hadisəsində əlil olanların maraq və məqsədləri, arzu-istəklərilə uzlaşır, həmahəng səslənir...

 

 

İradə Sarıyeva,
Bakı Xəbər - 2013 - 5 mart.- S.15.


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.