www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
AZƏRBAYCAN ƏLİFBASI,
AZƏRBAYCAN DİLİNİN YARANMASI VƏ İNKİŞAF TARİXİ

«Bu mətnlərdən bircə şey gün kimi aydındır: indi bizim lüğət fondumuzda 60-65 faiz ərəbin, farsın saydığımız sözlərin hamısı özümüzündür, onlar bizim doğmalarımızdır. Çünki gil yazılar yazılanda dediyim dillərin hələ heç daşıyıcıları belə dünyaya gəlməmişdilər. Bu da tarixin danılmaz olqusudur… Dünyaya gələndən sonra babalarımızın dilində oxuyan, onların məktəblərində elmin müxtəlif sahələrində dərs alan ərəblər, farslar, yəhudilər, rumlar, ermənilər və həmçinin qədimdə ölüb getmiş bir sıra xalqlar (elamlar, assurlar, aramilər, akkadlar…) minlərlə sözümüzü də öz dillərinə qatıb, sonra acizlə.dirildiyimizdən istifadə edərək, başımıza döyüb onları bizə ərməğan verdiklərinə inandıra biliblər. Onu da qeyd edim ki, bizdən aralı düşsələr də, yəni din cəhətdən bizimlə təmasda olmadıqlarından bizə yad olan İbruda da, elə Yunan dilində də nə qədər istəsəniz Şumer Azərtürk sözlərinə rast gələrsiniz».

 

Tariyel Vəli Nüvədili «Əcdad» kitabından

Yazının yaranma tarixi çox qədim dövrlərə gedib çıxır. Onun əlifbadan əvvəlki dövrü piktoqrafik və ideoqrafik yazı ilə seçilir. İlk yazılarda müxtəlif şəkil və simvollar əsasında formalaşdırılan təsvir vasitəsi ilə müəyyən məlumatlar yazıya köçürülmüşdür. Belə məlumatları yazıya çevirməyin səbəbi nitqi şəkil və simvollarla canlandırma deyil, baş vermiş hadisələri yadda saxlamaq zərurəti olmuşdur. Piktoqrafik yazılarda istifadə olunan ayrı-ayrı şəkillər piktoqramlar adlanmışdır. Piktoqramlardan təşkil olunan, daha doğrüsu piktoqrafik təsvir və yazılar Azərbaycanda da lap qədimdən istifadə olunmuşdur. Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların, saxsı qablaın üzərində heyvan, bitki, insan və sair şəkilləri az deyildir. Azərbaycanda piktoqrafik yazı nümunələri Qobustanda, Qazaxda, Gədəbəydə, Naxçıvanda qeydə alınmışdır. Təkcə Qobustanda 720 qayaüstü rəsmdə 4 mindən çox təsvir vardır.

Azərbaycan əhalisi türk xalqlar qrupunun oğuz boyuna aid olduğundan bizim əlifba və yazı tariximiz qədim dövrlərə təsadüf edir. Türk xalqlarının qədim əlifbası run əlifbasıdır. Run və oqamik yazılarından bir sıra alman xalqları, o cümlədən anqlosakslar və vikinqlər istifadə etmişlər. Türk run əlifbasının kökünün həmin əlifbalardan gəlməsi qeyd olunur. Qədim run yazılı abidələri bizim eranın III əsrinə aid edilir. Run yazıları bucaqlı yazı formasına malikdir, onun işarələri daha çox düz xətt parçalarından istifadə əsasında düzəlmişdir. Dairəvi və oval şəkilli elementlər bu yazılarda məhdud miqdardadır. Türk run əlifbasının eramızın 7-11-ci əsrlərində istifadə edilməsi qeyd olunur. Bu yazının alman run yazıları ilə oxşarlığı şübhə doğurmur. Qədim türk run yazıları, işarə və mətnləri Monqolustan, Çin, Sibir və Orta Asiya ərazilərində yayılmışdır. Həmin yazılar əsasən daş, sümük, metal üzərində yazılmışdır. Kağız üzərində yazılmış mətnlər də mövcuddur. Qədim run yazıları yarımkonsonantlığı ilə seçilir. Daha doğrusu, bu yazılarda saitlərin hamısının istifadə olunması ifadəsini tapmır. Bu əlifbada 4 sait, 34 samit və samit birləşmələri olmuşdur. Run yazısı işarələrinin əsasında türk qəbilə və tayfalarına məxsus damğaların durması fikri də həqiqətə uyğundur (Cəmaləddin Rəhmanov, Təranə Abdullayeva. Azərbaycanda əlifba islahatları və xəttin təkamülü məsələləri.Bakı. 2002.,)

«Albaniya tarixi» əsərinə əsasən Urnayrdan sonra Yesvagen hökmdar olmuşdur. Onun hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılır. Üç Qafqaz xalqının – albanların, gürcülərin və ermənilərin əlifbasının yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas işin istedadlı tərcüməçi sünikli Beniamin tərəfindən yerinə yetirildiyini sübut edir. Əlifba təzələndikdən sonra Yesvagen uşaqlar üçün xüsusi məktəblər açdırır, onlara yazı sənətinin sirlərini öyrətmək əmrini verir, hətta dövlət hesabına onları yaşayış yeri və qidayla da təchiz edir. Dini və dünyəvi əsərlərin siryani və yunan dillərindən alban dilinə tərcüməsi də bu dövrdə yerinə yetirilməyə başlayır» Mхitar Qoşun “Törə bitiyi” kitabında yazılır : alban əlifbası məhz qarqar (qıpçaq) dili əsasında yaradılıb və bu işdə qarqar Beniaminin böyük rolu var. Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, “Kitabi-Dədə Qorqud”da oğuzlarla yanaşı qıpçaqlardan da gen – bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir.


Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar. N.Cəfərov “Azərbaycan türkcəsinin milliləşməsi tarixi” əsərində“ XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkidən də istifadə olunduğunu” göstərir.


Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi. Rus alimi V.V.Bartold 1912-ci ildə yazırdı : “…xanədanın təşəkkül etdiyi yerdə Azərbaycan əhalisi türkcə danışırdı və nəticədə türkcə Səfəvilər dövlətində saray və ordu dili olaraq qaldı".


XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şer dili Qurbaninin əsərlərində əks olunmuşdusa, xalq şer dillnin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi.


XVII əsrin şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.


XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi uslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.


1878-ci ildən Mirzə Fətəli Axundov Ərəb yazısını dəyişmək cəhdindən əl çəkdi və diqqətini bir neçə Kiril əlifbası ilə dəyişilmiş Latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: “Kim istəyirsə ənənəvi Ərəb yazısından istifadə edə bilər, qalanları yeni əlifbadan istifadə edə bilər”. Bununla belə, təklif olunmuş yazıya bir neçə Kiril hərfləri daxil edilməsinə baxmayaraq Rusiya höküməti onun cəhdinə icazə vermədi. Yenə də layihə rədd edildi.


Bununla belə o, bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra “Qafqaz” qəzetində Mirzə Əliməhəmmədin Ərəb yazısının dəyişdirilməsi barəsində məqaləsi dərc etdildi. 1898-ci ildə mətbuatda Firudin bəy Köçərli tərəfindən yazılmış “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqalə dərc edildi.


“Molla Nəsrəddin”(1906-1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə Ərəb yazısı və islahata ehtiyaca fikirlərini bildirib : “Bu heroqlifləri Latın əlifbası ilə əvəzləmək vacibdir”.


Əsrin əvvəllərində hökümətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da Ərəb yazısını tənqid etdi. Nərimanov həll yolunu Kiril əlifbasının qəbulunda görürdü. O, özü bu dəyişilmiş yazı ilə bir neçə əsərlərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.


1901-1920-ci illərdə Azərbaycan əlifbasının dəyişdirilməsi məsələsi müzakirə və mübahisə obyekti olsa da, əlifba dəyişməmiş qalmışdır.


25 avqust- 5 sentyabr 1907-ci il tarixində Azərbaycanda latın əsaslı əlifba layihəsi müzakirə olunmuşdur. Eyni zamanda F.Ağazadənin bu dövrdə hazırlanmış «Əlifba» dərsliyi müzakirəyə qoyulmuşdur. O dövrdə irəli sürülmüş layihədə sağır nuna uyğun gələn hərfin, eləcə də gələcəkdə Z(c) hərfinin əlifbadan çıxarılması ideyası irəli atılırdı. Lakin bu müzakirələr müsbət nəticə verməmiş nə layihə, nə də əlifba qəbul edilməmişdir.


Əsrlər boyu işğallar nəticəsində Azərbaycan dilinin adı dəyişdirilmişdir. Azərbaycan dili uzun müddət “türki”, “türk dili”, “Azərbaycan türkcəsi”, bəzən isə “tatar dili”, “Qafqaz tatarlarının dili” (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır.


1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul edilir və oraya dövlət dili haqqında maddə salınmır.


Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də Latın qrafikalı əlifbaya keçdi. İlk əvvəllər hər iki əlifba istifadə olunurdu. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur. 1929-cu il yanvarın 1-indən Sovet hökuməti Ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kompaniyası bu yazını yaddan çıxartmaq məqsədini güdürdü.

1929-cü ildə tətbiq olunan Azərbaycan əlifbasında 25 hərf (a, b, c, d, f, g, e, h, i, c, k, l, m, n, o, p, q, r, s, u, t, v, x, y, z) latın əlifbasından götürülmüşdü. Bunlardan 6-sı sait (a, e, i, o, u, y), 19-u samitdir (b, c, d, f, g, h, c, k, l, m, n, p, q, q, s, t, v, x, z). Halbuki Azərbaycan dilində 9 sait, 23 samit səs vardır


Azərbaycan Latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə də bu əlifaya keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı Kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrinə tətbiq etdi.


1939-cü ilin 15 nöyabrında latın əsaslı Azərbaycan əlifbasının kiril əsaslı əlifba ilə dəyişdirilməsi və yeni əlifbanın 1940-cı ilin yanvarından tətbiq olunması haqqında qərar qəbul olunmuşdur. 1940-1990-cı illər ərzində tətbiq edilmiş kiril əsaslı Azərbaycan əlifbasında da müxtəlif vaxtlarda bir sıra islahatlar aparılmışdır. 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşağıdakı məzmunda maddə əlavə edilir: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir.


Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.


Kirill qrafikası əsasında hazırlanmış yeni türk əlifbaları arasında çox ciddi fərqlər var idi. Belə ki, bir çox hallarda eyni fonemlər ayrı-ayrı əlifbalarda, bir qayda olaraq, müxtəlif işarələrlə təsvir olunurdu. Bu da türk dilləri arasında fərqləri süni surətdə dərinləşdirmək məqsədilə edilmişdi. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində SSRİ-nin dağılması prosesi başlayanda Azərbaycan ictimaiyyətinin irəli sürdüyü ilk tələblərdən biri latın qrafikasına qayıdışla bağlı oldu. Milli şüurun oyanışının təzahürü olan bu tələb yalnız məhdud linqvistik əhəmiyyət kəsb etməyib geniş etnosiyasi xarakter daşıyırdı.1990-cı ilin əvvəllərində latın qrafikasını bərpa etmək məqsədilə işçi qrup yaradıldı və həmin ilin 11 sentyabrında o, Əlifba komissiyasına çevrildi. Komissiyanın hazırladığı layihə 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olundu. Lakin müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi.

 

 

Zaur Əliyev
AMEA-nın əməkdaşı,
Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,
Siyasi fəlsəfə doktoru
“KarabakhİNFO.com”

www.irshadtv.com ilə
02.02.2017


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.