www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
ERMƏNİLƏRİN AZƏRBAYCANA
KÖÇÜRÜLMƏSİ SİYASƏTİNİN MÜƏLLİFİ KİMDİR?

XIX əsrin əvvəllərində baş vermiş I və II Rus-İran müharibələri zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da yaxından iştirak etmişlər ki, bunlardan da biri Aleksandr Sergeyeviç Qriboyedov idi. O, «Türkmənçay» müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynamışdır. Tanınmış rus yazıçısı və diplomatı olan bu şəxs Azərbaycan xalqının ikiyə bölünməsində, etmənilərin Azərbaycan ərazisinə köçürülməsində aparıcı rol oynamaqla yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə öz cinayətkar əməllərinin qurbanı olmuşdur.

Qriboyedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində «bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu» yazmışdır. Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni general Mədətovla dostluq edən Qriboyedov ömrünün son iki ilində 30-dan çox erməni ilə yaxın təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif planlar hazırlamışdır. Bəzi rus diplomatları «Türkmənçay» müqaviləsindən sonra İrandan müharibə xərclərinin alınmasını prioritet məsələ hesab etsələr də, Qriboyedov, onlardan fərqli olaraq, ermənilərin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsini daha vacib hesab etmişdir. Erməniləri İranla həmsərhəd əyalətlərə köçürməklə Rusiya bu ərazilərdə özünə etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi Azərbaycan əhalisi yaşayan Naxçıvan, İrəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi.

1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var idi. Lakin Qriboyedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını vermiş və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olmuşdur. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilirdi. Qısa müddətə 8 min erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürülmüşdür.

1828-ci ildə çar qoşunları Təbrizi işğal etdikdən sonra məhz Qriboyedovun təşəbbüsü ilə «Tutulmuş əyalətin (yəni Cənubi Azərbaycanın) idarə edilməsi haqqında əsasnamə» tərtib edilmişdir.

Aleksandr Sergeyeviç Qriboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərini möhkəmlətmək üçün dəridən qabıqdan çıxırdı. Onun tərtib etdiyi «Təlimat layihəsi» də bu məqsədlərə xidmət edirdi. A.S.Qriboyedov Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərini Rusiya müstəmləkəçilərinin malı etmək məqsədilə 1827-ci ildə Tiflisdə Rusiya - Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və bu işə Rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdir. Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması nəzərdə tutulmuşdur. Onun bu layihəsində yerli müsəlman iş adamlarının nəzərə alınmaması bu əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.

Rusiya İranla Türkiyə arasında olan ziddiyyətləri qızışdıraraq, bundan öz mənafeyi üçün istifadə etməyə çalışır, iki müsəlman dövlətini bir-birinə qarşı qoymaqla hər ikisini zəiflətmək və işğalçı niyyətlərini reallaşdırmaq istəyirdi. Bu təcavüzkar siyasətin də həyata keçirilməsinin əsas ideoloqlarında biri A.S.Qriboyedov idi. 1828-ci ilin yazında başlamış Rusiya - Türkiyə müharibəsində çar ordusunun qələbəsini təmin etmək üçün «Türkmənçay» müqaviləsinin şərtlərinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu zaman Cənubi Azərbaycan ərazisində yerləşdirilmiş 25 minlik rus ordusudan Türkiyəyə qarşı istifadə etmək üçün A.S.Qriboyedov öz fəaliyyətini daha da genişləndirirdi.

Rusiyanın əksinə olaraq, İngiltərə isə İranla Türkiyə arasında ziddiyyətlərin aradan qaldırılmasına çalışır və bu dövlətlərin gücündən Rusiyaya qarşı istifadə etməyi planlaşdırırdı.

Tükmənçay sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi ilə Senat 1828-ci il aprelin 25-də Tehranda «səlahiyyətli nazir», Təbrizdə baş konsulluq açılması barədə qərar verdi. Elə həmin vaxt A.S.Qriboyedovun İrana səlahiyyətli səfir təyin edilməsi çarın və Rusiyanın yüksək diplomatik dairələrinin bu şəxsə necə etimad göstərdiklərini sübut edir. O, özündən əvvəl və özündən sonra İranda səfir olmuş bütün rus diplomatlarından yerli əhaliyə düşmən münasibəti və ermənipərəstliyinin qızğınlığı ilə fərqlənmişdir. Lakin rus və sovet tarixşünaslığında, həmçinin müasir rus tarixşünaslığında akademik M.Neçkinanın belə bir yanlış fikri müdafiə olunur ki, guya A.S.Qriboyedov dekabristlərin tərəfdarı olduğu üçün çar onu Peterburqdan uzaqlaşdırmış və vəzifə vermişdir. Lakin faktlar bu fikirləri təkzib edir. Onun İrana səfir təyin edilməsinin əsas səbəbi çara sədaqətlə qulluq etməsi və işğalçılıq siyasətinin həyata keçirilməsində bir diplomat kimi canfəşanlıq göstərməsi idi.

Aleksandr Sergeyeviç Qriboyedova öz ölkəsində müsbət yanaşılması həm bir diplomat kimi çar Rusiyası hüdudlarının genişləndirilməsindəki rolu, həm də yazıçı olması ilə əlaqədardır. İndinin özündə də çox az rus ziyalısı tapılar ki, Rusiyanın tarixən yeritdiyi işğalçı siyasətə mənfi münasibət bəsləsin. Deməli, Qriboyedova Rusiya vətəndaşlarının gözü ilə deyil, işğala məruz qalmış, təcavüz nəticəsində faciələrə düçar olmuş xalqların gözü ilə baxmaq daha düzgün olardı.

Səfir təyin olunan kimi A.S.Qriboyedov səlahiyyətlərindən sui - istifadə etmək, özünü mütləq hakim kimi aparmağa başlamışdır ki, bu da onun və köməkçilərinin faciəsi ilə nəticələnmişdir. «Səlahiyyətli nazir» təyin olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin sarayına, daha sonra isə Tehrana yollandı. Onun bilavasitə göstərişləri ilə «böyük elçiliyin əməkdaşları» Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə istinad edərək, xristian əsirləri qurtarmaq, erməniləri yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi ilə İran vətəndaşlarının daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər. Qəzvin şəhərində ruslar bir seyidin evinə soxularaq, onun islam dinini qəbul etmiş milliyyətcə alman olan kəbinli arvadını zorla özləri ilə aparmaq istəmişlər. Qadının kəskin etirazından və əhalinin qəzəbindən çəkinərək sonradan onu öz evinə buraxmağa məcbur olmuşlar.

A.S.Qriboyedov ermənipərəst siyasət yeritməklə Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi zərbələr vurmuşdur. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad («Haqq evi»), Şeyx Səfiəddin kitabxanası Qriboyedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərilmişdir. Burada toplanmış əlyazmaların bir hissəsi parqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tiflisdə Abbasqulu Ağa Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar içərisində Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə tökülmüş 7 top və Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.

1829-cu il yanvarın 12-də Tehrana yetişən A.S.Qriboyedov və köməkçiləri burada da özlərini ləyaqətsiz aparmış, diplomatik normaları kobud surətdə pozmuşlar. Onlar kazaklarla birlikdə sərxoş vəziyyətdə bazar və küçələrdə hay-küy salır, «xristian əsiri» axtarmaq bəhanəsi ilə evlərə soxulurdular. Bundan başqa Qriboyedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqubu (Markaryanı) öz himayəsinə götürməsi, baş vəzir Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək hətta şahın da xahişini rədd edərək geri qaytarmaması və digər hərəkətlər şəhər əhalisinin hiddətinə səbəb olmuşdur.

Tehranın ruhani başçısının çağırışı ilə yüz mindən artıq əhali Qriboyedov və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplaşmışdır. Qriboyedovun əmri ilə gözətçilər dinc əhaliyə atəş açmış və bunun nəticəsində çoxlu sayda insan yaralanmışdır. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü əhalinin səbr kasasını daşdırmış. Onlar binaya daxil olaraq Qriboyedovu və 53 nəfər səfarətxana sakinini (onların 15 nəfəri erməni idi) öldürmüşlər. Qriboyedovun və digər iki rusun atlara bağlanılan cəsədləri üç gün paytaxt küçələrində sürüdülmüşdür və yalnız dördüncü günü bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri xəlvətcə dəfn etmişlər.

Beləliklə, Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar siyasətinin ideoloqu olan Aleksandr Sergeyeviç Qriboyedov öz cinayətkar əməllərinin qurbanı olmuşdur. Azərbaycan xalqına qarşı cinayətlər etmiş şəxslər gec-tez öz layiq olduqları cəzalarını almışlar və alırlar. XIX əsrin əvvəllərində Qriboyedovun, XX əsrin axırlarında Polyaniçkonun, Starovoytova və başqalarının faciəsi çoxları üçün ibrət dərsi olmalıdır.

 

 

 

Məhərrəm Zülfüqarlı
Tarix üzrə fəlsəfə doktoru, dosent
“KarabakhİNFO.com”

www.irshadtv.com ilə
08.02.2017


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.