www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
STALİNİN GİZLİ AZƏRBAYCAN SİYASƏTİ ( Qorki vasitəsilə türklərə qarşı atılan addımlar )

Sovet İttifaqının dağılmasıyla orta və ali məktəblərdə sosializm quruluşunun təbliğatı üçün yaradılmış çox ədəbi əsərlərin öyrənilməsi başa çatdı.

Əlbəttə ədəbi-estetik nöqteyi-nəzərdən onların öyrənilməsi xüsusi əhəmiyyət kəsb eləmir. Ancaq bəziləri bundan tarixi mənbə kimi (məsələn, etnoqrafik material baxımından) istifadə edə bilərlər. Necə ki, ayrı-ayrı vaxtlarda SSRİ rəhbərləri, o cümlədən İosif Stalin bundan yararlanırdı.

Məlum olduğu kimi, XX əsrin 30-cu illərinin ortalarında "xalqlar atası"nda qəflətən pantürkizmə qarşı qorxunc allergiya yarandı. SSRİ rəhbərliyində işləyən şəxslər rəhbərin bu naxoşluğunun öhdəsindən gəlməyə çalışaraq, bütün allergik qıcıqlandırıcıların kökünü kəsməyi öhdələrinə götürdülər.

"Pantürkləri" deportasiya edən, sürgünə göndərən, güllələdən sovet rəhbərləri sevinc içində toplaşaraq diktatorun bu barədə göstərişini uğurla həyata keçirmələri barədə xəbəri Stalinə vermək istədilər.

Lakin Cuqaşvili "Ay yay-yay, yenə türklər!" - dedi. Kreml kabinetinin hər küncündə yenidən "xalqlar atası"nın gözünə pantürkistlər görünməyə başladı.

- Bu türklər daha harada qaldılar? - deyə rəhbər qəzəblə soruşdu.

- Türklər uzaq bir cənub respublikasında - Sovet Azərbaycanında yaşayırlar. - deyə Stalinin əsabələrindən biri cavab verdi.

- Hmm, - deyə rəhbər guya Bakı haqqında ilk dəfə eşidirmiş kimi özünü bilməzliyə qoydu. Halbuki onun yaddaşında köhnə şəhərin əyri küçələri, bir zamanlar cəza çəkdiyi Bayıl həbsxanası canlandı.
- S-s-s Sovet Azər...
- Aydındır, məşğul olun, - bu, rəhbərin deportasiya haqqında qısa əmri idi.

Lakin o, dərhal hiyləgərcəsinə nəsə fikirləşdi :
- Yox, dayanın, sovetlər ölkəsində sonuncu türklərlə mən özüm məşğul olacam.

Bu arada Maksim Qorki ilə bağlı bir sıra maraqlı məqamları vurğulamaq yerinə düşür. İlk öncə qeyd edək ki, Qorki Bakıya Stalinin türklərə allergiyası olmayan vaxtlar gəlmişdi.

1936-cı ilə qədər Sovet Azərbaycanının əhalisi özlərinin qədim əcdadlarının adlarını daşımağa davam edirdi. Pasportlarda, rəsmi sənədlərdə, kitablarda, qəzetlərdə - hər yerdə türklər adlandırılırdılar.

Bakıya sovet işğalından əvvəl qonaq gələn Maksim Qorki özünün qısa hekayələrində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra "bolşevik" qayğısını təsvir edərək, Bakının əsaslı şəkildə dəyişilməsindən yazırdı.

"Bakını tanımaq çətindir. Burada "tatar" evlərindən çox az qalıb. Hər yerdə çox sağlam, şən uşaqlar var və mən onlardan hansının türk, hansının rus olduğunu ayıra bilmirdim. Hətta qədim Qız Qalası cavanlaşmış kimi görünür və şəhəri özünün orijinal formasıyla bəzəyir", - deyə o yazırdı.

Beləcə, qəmgin "tatar" - şən sovetə çevrildi. Özü də tatar sözünü dırnaq işarəsinin içində yazırdı.

Maksim Qorki Bakı haqqında qısa hekayəsində latın əlifbası haqqında da yazırdı. Bu plan SSRİ-nin bütün türk xalqlarını bölmək məqsədilə bolşeviklər tərəfindən düşünülmüşdü. Otuzuncu illərin ortasında Stalin latın qrafikalı əlifbanın ləğvini və bütün türk xalqlarının yazışmalarının rus (kiril) hərflərilə aparılmasını əmr etdi.

"Daha çox, ölçüyə gəlməz dərəcədə təəssürat Bakıda türklərin mədəni bayramı ilə bağlıdır. Belə ki, paytaxtda latın əlifbasının altıillik ildönümü bayram edilirdi. Səməd Ağamalıoğlu - ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsinin təşəbbüskarı cavan oğlanlar kimi alovlu nitqlərlə çıxış edirdi. Natiq Vladimir İliçin ona dediyi "Latın əlifbası ilk addımdır. Siz bununla türklər arasında mədəni inqilaba başlayırsınız" - sözlərini qürurla yada salırdı".

Yeri gəlmişkən, Maksim Qorki bu vaxtlar tez-tez "azərbaycanlı" terminindən istifadə etməyə başlamışdı. "Azərbaycanlılar - bu, Azərbaycanın bütün sakinlərinin ümumiləşdirilmiş adıdır, hansılar ki, bu halda müxtəlif etnoslara aid ola bilərlər" - deyə o, davam edirdi :

"Mən bu insanlara baxırdım, onların nitqlərinə qulaq asırdım və inana bilmirdim ki, bir az əvvəl rus məmurları çar hakimiyyətini gücləndirməyə çalışaraq, türklər və ermənilər arasında qanlı düşmənçilik yarada bildilər. Mən bir vaxtlar mütləqiyyətin tayfaları düşmənçiliyə təhrik edən bu cinayət haqqında yazırdım. Hansı ki, təhrikçi kütləvi qətllərlə müşayiət olunun iyrənc işindən iyrənmirdi. Budur : azadlıq küləyi əsdi. Keçmişə aid dəhşətlər məhv olub getdi. İndi tez-tez türk məktəblərində ermənilər dərs deyirlər, Azərbaycanın kəndliləri Ermənistanın gözəl dağlarının yamaclarında öz mal-qaralarını otarırlar və Sovet İttifaqının zəhmətkeş xalqı vahid yaradıcılıq işinə cəlb olunacaq".

Sual olunur: - Qorki bu sifarişli işdə "erməni-tatar" qətliamını xatırlamaya bilərdimi? Əlbəttə yox! Bu arada maraqlı bir fakta diqqət edək. Belə ki, bolşevik yazıçısının "Azərbaycanın kəndliləri Ermənistanın gözəl dağlarının yamaclarında öz mal-qaralarını otarırlar" fikrini bir daha xatırladıram... Lakin onlar bilmirdilər ki, doğma Zəngəzur və Göyçə diyarları tədricən erməniləşdirilir.

Nəhayət, yenidən Maksim Qorkinin bir zamanlar peyğəmbərcəsinə dediyi başqa bir fikri xatırlatmaq yerinə düşür. Sovet ədəbiyyatının bu korifeyi anlayırdı ki, yoldaş Stalin onu Sovet İttifaqının bütöv xalqlarının adının genişmiqyaslı dəyişdirilməsi planlarına cəlb edib.

"Hələ qədim dövrlərdən Bakıda insanlar küləkdən əziyyət çəkdiklərindən qəsəbə evləri birmərtəbəli tikilirdi. Hər qəsəbədə türk ailələri rus ailələrilə yanaşı yaşayırlar. Uşaqlar birlikdə tərbiyə olunurlar. Bu, iki onillik sonra nə türkün, nə də rusun olacağı haqda ümid yaradır. Zəhmətkeşlər ümumdünya qardaşlığı ideyasıyla sıx birləşdiriliblər".

Əslində onun dedikləri doğru çıxdı. Amma Qorkinin proqnozlarının yalnız birinci hissəsi reallaşdı. Belə ki, tezliklə Sovet Azərbaycanında türklər doğrudan da rəsmi şəkildə olmadı. 
Ancaq yalnız türklər! 
Proqnozların ruslara aid hissəsi isə söz olaraq qaldı.

Əlbəttə türklər fiziki cəhətdən yox olmadılar. Amma Stalinin türklərə qarşı allergiyası ona gətirib çıxardı ki, bütöv xalqın qədim adı 1936-cı ildə Kremldən bir təlimatla dəyişdirildi. Beləcə, "azərbaycanlı" termini "Azərbaycan sakini" kimi izah edilir, özündə heç bir etnik və milli məna daşımır.

 

 

 

Anar Tağıyev,
PUBLİKA.AZ


23.02.2017


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.