www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
ERMƏNİ-DAŞNAK GÜRUHUNUN ANTİ - AZƏRBAYCAN 
SİYASƏTİNƏ QARŞI ARDICIL VƏ QƏTİYYƏTLİ MÜBARİZƏ APARAN İNSAN

( Bu yazımı Akif müəllimə - Akif Rüstəm oğlu Rüstəmova doğum günü münasibətilə hədiyyə edirəm ).

Ana babam Rüstəm Qulu oğlu Rüstəmzadə haqqında öyrəndiklərim :

Ana babam Rüstəm Qulu oğlu Rüstəmzadə 1943 - cü ildə vəfat etdiyindən mən onu görməmişəm. Ancaq ana babamın qardaşı Kamran Qulu oğlu Rüstəmzadə qohumları ilə tez-tez görüşərdi. Biz Ağdam şəhərinin mərkəzində yaşadığımıza görə Kamran babamın ( biz ona da baba deyərdik ) yolu şəhər mərkəzinə düşəndə bizim ailəyə baş çəkməyi unutmazdı.

Ağdamın işğalından xeyli əvvəl, hələ mən Ağdam şəhər 1 saylı orta məktəbdə 
10 -cu sinifdə oxuyarkən anamın əmisi Kamran Qulu oğlu Rüstəmzadə mənə bir qovluq verdi və bildirdi ki, bu qovluğun içərisindəki sənədlər sənin baban Rüstəm Rüstəmzadəyə aiddir. Bilirəm ki, gələcəkdə jurnalist olmaq istəyirsən. Ona görə də bu sənədləri sənə təhvil verirəm. Nə vaxtsa lazımın olar.

Mən həmin qovluğu bugünədək həyacanla qoruyub saxlamışam və yeri gəldikcə qovluqdakı faktlardan istifadə etmişəm. Bu gün - 19.12.2014 - cü il tarixində, yəni möhtərəm müəllimim, zəhmətkeş, halal dayım, ağsaqqalım və yolgöstərənim Akif Rüstəm oğlu Rüstəmovun 75 illik yubileyində həmin qovluğa yenə də müraciət etdim.

Sovet hakimiyyətinin ilk illərində Rüstəm Qulu oğlu Rüstəmzadə Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə işləmişdir. Silahdaşları və İş yoldaşları ona "Krasnıy Professor" - deyə, müraciət edirmişlər.
Bakı şəhərinin mərkəzində, "Qubernator bağı" - indiki "Filarmoniya bağı" ilə üzbəüz yerləşən binanın 2-ci mərtəbəsində ailəsi ilə yaşamışdır ( İndi həmin binada " Qərb Universiteti " yerləşir).

Rüstəm Qulu oğlu Rüstəmzadə Azərbaycanda mərkəzi və yerli idarəetmə strukturlarında cəmləşmiş qeyri - azərbaycanlı bolşevik və erməni-daşnak güruhunun anti - Azərbaycan siyasətinə qarşı ardıcıl və qətiyyətli mübarizə aparmışdır. 
Rüstəm Qulu oğlu Rüstəmzadənin İslam dini və dövlət arasında münasibətlərə aid maraqlı fikirləri olmuşdur. Sovet hakimiyyəti dövründə solçu kommunistlərin səyi nəticəsində müsəlman din xadimləri ilə hökumət arasında müəyyən qarşıdurma əmələ gəlmişdir. Rüstəm Qulu oğlu Rüstəmzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb - yaratmış, məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim, həm də görkəmli dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun maraqlı fikirlərinə söykənərək bu qarşıdurmanı aradan qaldırmaq üçün bir neçə təklif irəli sürmüşdür.

Onun təkliflərinin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, sosializm və İslam 
biri -birinə qarşı durmadan fəaliyyət göstərə bilərlər. Avropada ruhanilərlə sıx əlaqədə olan dövlətlərin fəaliyyətini xüsusi qeyd etmişdir. O, misal gətirirdi ki, Avropa din xadimləri xüsusi dövlət məktəblərini bitirirlər və fəaliyyət dövründə dövlətdən maaş alırlar. Bizim hakimiyyətin İslam xadimləri isə dinimizə xidmət edənlərin fəaliyyətinə məhdudiyyət qoyaraq əslində onların gəlirini kəsir, bu da onlarda narazılıq yaradır. Biz İslam din xadimlərini inandırmalıyıq ki, onlar bizim hakimiyyətimiz dövründə heç bir təqibə məruz qalmayacaqlar. Biz hər bir kəsə icazə verməliyik ki, öz övladına Quran və dinin əsaslarını öyrətsin. Biz icazə verməliyik ki, yeni evlənənlər dövlət qeydiyyatından sonra məscidə gedib kəbin kəsdirsinlər. Kəbinin bir üstünlüyü var, o da ondan ibarətdir ki, ailə pozularsa, kişi qadın qarşısında maliyyə öhdəliyi götürür. Belə bir öhdəliyin dövlət tərəfindən qayda olaraq qəbul olunmasını biz fikirləşməliyik.

Rüstəm Qulu oğlu Rüstəmzadə 1905-ci ildən Sosial - Demokrat "Hümmət" təşkilatının rəhbərliyinə daxil olmuş Nəriman Nərimanovun mövqeyindən çıxış edərək tələb edirdi ki, hökumət çoxpilləli dini şuralar yaratmalı, hər məscidin dindarları öz mollasını seçki yolu ilə müəyyənləşdirməli, hər milli respublikanın ali ruhanisi ruhanilər tərəfindən seçilməli, hər bir ərazidə Ali Dini Şura yaradılmalıdır .
Beləliklə, Rüstəm Qulu oğlu Rüstəmzadə sovet dövlət sistemi şəraitində yaşamasına baxmayaraq, İslam dini problemlərinin həllinə, din xadimlərinə, dini məkanlara, müqəddəs yerlərə, dini bayramlara və şəhadət günlərinə xüsusi hörmətlə yanaşmış, dini baxımdan müqəddəs sayılan yerlərin qorunması üçün əlindən gələni etmişdir.

ALLAH QƏNİ - QƏNİ RƏHMƏT ELƏSİN ! 
MƏKANI CƏNNƏT OLSUN ! AMİN...

( Rüstəm müəllimin xanımı Gülxar, böyük qızı Səlimə, ortancıl qızı Saimə, kiçik qızı Qənirə, oğlu Sabir, kiçik oğlu Akif )...

 

 

Adil İrşadoğlu ( Əliyev )
Bakı, 19.12.2014 - cü il, saat 17- 56.

 

 

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.