www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
TURAN-İRAN, YOXSA TURAN-AVROPA QARŞIDURMASI? (3-CÜ YAZI)

Bir çox tədqiqatçılar Yeni Turan İmperiyasının parçalanmasında Mada türklərinə dəstək verən Arilərin bu rolunu şişirdərək, heç bir əsas olmadan Midiyanı tamamilə Ari/İran dövləti kimi qələmə veriblər. Halbuki Midiya dövlətinin özünün də əsas hərbi qüvvələri məhz Sakalar-İşquzlar olublar. Məhz həm Midiya dövlətinin qurucularının əksəriyyətinin türk olması, həm də Sakalara görə midiyalıları turani hesab edirlər. İlk dövrlərdə Avropanın şərqşünas alimləri də bunu etiraf edərək, midiyalıları turani saymışlar. Deməli, Midiyada Turanlıların yoxsa, Arilərin hakimiyyətdə olması məsələsini ilk dəfə Avropa şərqşünasları özləri həll etmişlər. Turan İmperiyası və ondan sonra ortaya çıxan Turan Midiyası dövründə Arilərin yalnız kiçik kralıqları (Parsua adlı ari mənşəli kralıqlardan birinin başçısı Vitsşap/Gəstşab) olmuşdur.

Sadəcə, Turan İmperiyasının parçalanması yolunda verdikləri dəstəyə görə, Midiya dövründən etibarən yeni Türk/Turan İmperiyasının sarayına Arilər də ayaq açmağa başladılar. Bizcə, Midiya hökmdarlarından Kiaksar və Astiaqın Arilərin kiçik bir krallığı olan Parsuaya/Barsaya toxunmamalarına səbəb də, Sakalara qarşı xəyanətdə birgə iştirak etmələri olmuşdur. Hər halda Türk/Turan kökənli Mada bəylərinin Ari kökənli Parsua krallarlyla anlaşaraq Yeni Turan İmperiyasını parçalamaq məsələsində niyə bir araya gəlmələri çox düşündürücüdür. Ancaq bu bir həqiqətdir ki, Mada bəyləri təkbaşına deyil, Parsua başçılarıyla birlikdə Turan-Saka İmperiyasının liderlərini sui-qəsd ediblər. Bu “əmək”lərinin nəticəsi olaraq da Arilər yeni yaranmış Midiya dövlətinin sarayında yüksək vəzifələr tutmuş, bu da, kifayət etməmiş kimi, üstəlik Kiaksar və Astiaq Arilərin Parsua Kralları ilə qohumluq bağı qurmuşlar. Hər halda Midiya İmperiyası dövründə (m.ö. VII-VI əsrlər) həm sarayda, həm də əhali arasında Turanlılarla Arilərin daha çox bir arada yaşadğını görürük.

Çox keçmədən də m.ö. 550-ci ildə Ari mənşəli Parslar Turan mənşəli Midiyalıları devrərək onların imperiyasına sahib çıxıblar. Çox yazıqlar olsun ki, Turan mənşəli midiyalıların Ari mənşəli Parslara məğlub olmasında yenə xəyanət mühüm rol oynamışdır. Bu dəfə Astiaqa xəyanət edən Harpak olmuş, bununla da turanlıların bir qismi arilərin hakimiyyəti altına daxil olmuşlar. Çünki Şimali Azərbaycanda Turanlı Sakaların/Masagetlərin müstəqil hakimiyyəti Əhəmnilər dövründə də davam etmişdir. Hətta, 2. Kir m.ö.530-cu ildə Masaget çariçası, Alp Ər Tonqanın nəslindən olan Tomris tərəfinsən savaş meydanında öldürülmüşdür. Eyni zamanda, İranlı 1. Daranınn Turanlı Sakalar, Sakatiya üzərinə yürüşü biabırçılıqla bitmişdir. Bu da Turan-İran müharibələrinin davamından başqa bir şey deyildir. Herodot da İran-Turan münasibətlərinə geniş yer vermiş, Mada-Pers, Saka-Pers mücadilələrini də bu yöndən dəyərləndirmişdir. F.Ağasıoğlu yazır: “Pers epik əsərlərində iran-Turan qarşıdurmasının qaynağında pers və mad boylarının savaşları, bu boylara aid əyanların hakimiyyət uğrunda mübarizəsi durur. Avestada aryan və tur qarşıdurması kimi verilən belə olaylardan sonrakı çağlarda İran-Turan deyimi ilə bəhs olunur və Turan adı İranın quzey-doğu sınırlarındakı türkləri bildirir”. Çox güman ki, Əhəmənilərə üsyan qaldıran Qam Ata da turanlı kimi iranlılara qarşı savaşmışdır. Zatən bir çox bilginlər Qam Atanın soyunu, eyni zamanda 6 mada tayfasından biri olan maqları turanlı kimliyində vermişlər. Bu bir həqiqətdir ki, Qam Ata öldürüləndə perslərdən başqa bütün xalqlar ona görə ağlamışlar.

Beləliklə, “Avropa mərkəzçilər”in Midiyanı, Atropatenanın/Azərbiqanı Türk kimliyindən ayrı tutaraq onları “Hind-Avropa” nəzəriyyəsi əsasında «İran­dilli» xalqlar kimi qələmə vermələri, bu anlamda yalnız “İrandilli” (əslində farsdilli) xalqları deyil, Güney və Quzey Azərbaycan Türk xalqını da Hind-Avropa mədəniyyətinə sırmaları cəfəngiyyatdan başqa bir şey deyil. Çünki Turanın mahiyyəti Azərbaycanla bağlıdır; Azərbaycanın Turanın əski bir yurdu kimi təsdiqi onu yalnız coğrafi və etnik “İran”dan deyil, eyni zamanda Hind-Avropa mədəniyyətindən də fərqliliyini ortaya qoyur. Bu anlamda “Avropa mərkəzçilər”in Azərbaycan Türk xalqını əski “Atropatena-Mada”nın davamı kimi irandilli, ya da Albaniyanın xələfi kimi Qafqazdilli elan edərək onun mədəniyyətini Hind-Avropa mədəniyyətinə calamalarının arxasında bacardıqca onu “Türk-Turan” mədəniyyətindən uzaq tutmaq dayanır.

Çox yazıqlar olsun ki, müstəqillik dönəmində “Avropa mərkəzçilər” bu çirkin niyyətlərini 7 cildlik «Azərbaycan tarixi» adlı kitablarda, eləcə də ayrı-ayrı monoqrafiyalarda davam etdirmişlərdir. 7 cildlik «Azərbaycan tarixi»nin I cildində Azərbaycan xalqını «irandilli» xalqlara, Azərbaycan mə­dəniyyətini Hind-Avropa mədəniyyətinə bağlamasını “Avropa mərkəzçi” İqrar Əliyev belə “əsas”landırır: «Hazırda türk dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-Avropa aləminə bağlanır, iranlılarla, hind­lilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qo­hum­luğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli xalq­lar­la birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştilik tə­li­mi­nə və bir çox digər tarixi-mədəni dəyərlərə sahiblik hü­qu­qu qazanırlar». Eyni müddəanı Fəridə Məmmədova «Azərbaycan xalqı (Azərbaycanlılar) üç qüdrətli, təməl təşkil edən milli-mədəni laylardan – Qafqaz dilli (al­banlardan), farsdilli (midiyalılar, kürdlər, tatlar, talışlardan) və türkdilli laylardan formalaşıb» anlamında müdafiə etmişdir.

Deməli, İ.Dyakonov, Q.Melikişvili, S.Kə­s­rə­vi, İ.Əliyev, S.Qaşqay, F.Məmmədova, Ə.Sumbat­zadə və başqaları Azərbaycan türk xalqının etnogenezi və dilini, onun formalaşmasını bir­mə­­na­lı şəkildə «Avropa mərkəzçi» konsepsiyası əsasında şərh etmişlər. Cənubi Azərbaycan ərazi­sin­də mövcud olmuş Atropatena dövlətinin əhalisi «Atropatena-Mada xalqı», dili isə orta mada dili-azəri dili kimi qeyd edildiyi halda, Albaniya əha­lisi isə qafqazdilli tayfalar kimi, dilləri isə qafqazdilli alban dili kimi göstərilmişdir. Buradan da onlar belə nəticə­yə gəlmişlər ki, çağdaş azərbaycanlıların etnik mənsubiyyəti irandilli «Atro­patena-Mada xalqı» və qafqazdilli albanlar, o cümlə­dən udinlər, qarqarlar olmuş, onlar (midiya­lı­lar və albanlar) orta əsrlərdə türklərin bu ərazi­lərə köç et­mə­si ilə türkləşməyə məruz qalmış və hazırda da türk dil­lə­rin­dən birində danışırlar.

Burada açıq-aşkar Azərbaycan xalqının ulu əcdadı sayılan albanları/aranları Qafqazdilli, madalıları/midiyalıları isə irandilli/farsdilli elan etməklə onu Hind-Avropa mədəniyyəti çərçivəsində İrana, İran mədəniyyətinə, zərdüştliyə bağlamaq siyasəti vardır. Əslində “Avropa mərkəzçilər”in inadla “Hind-Avropa” mədəniyyətini qədimləşdirmə, bu zaman “Turan” mədəniyyətini ya saxtalaşdırma, ya da diqqətdən kənarda saxlamaları istəkləri belə, Turanın nə dərəcədə gerçəkçi olmasından xəbər verir. Bizcə, bu bir növ Allahın yoxluğunu isbata çalışan ateistlərin gətirdikləri dəllilərlə, dolayısıyla Onu təsdiq etmələrinə bənzəyir. Bu anlamda “Avropa mərkəzcilərin” heç bir əsas olmadan İranı qədimləşdirərkən Turanı görməzdən gəlmələri, bu yetməmiş kimi Midiya dönəmindəki Turanlıları Arilərin ağaşı budağı elan etmələri, daha sonra Turana yalnız orta əsrlərdə Türklərin sahib çıxmalarını ifadə etmələri və əski turanlıların orta əsrlərdə onların torpaqlarına gətirilmiş Türk dilini qəbul edərək türkdilli xalqlara çevrilmələri cəfənigiyyatdan başqa bir şey deyildir.

“Avropa mərkəzcilər”in məntiqindən çıxış etsək, orta əsrlərdə Türklərin hakimiyyət sürdüyü min illik dövrdə yalnız Arilərin ağaşı budağı olan köçəri Turanlılar deyil, oturaq həyat sürən Arilərdə Türk dilini qəbul edib türkləşməliydilər. Eyni zamanda, çox maraqlıdır necə oldu ki, “Avropa mərkəzcilər” tərəfindən «irandilli» tayfalar adlandırılan madalılar, saklar, iskitlər türklərdən çox öncə – e.ə. X-VII əsrlərdə Ön Asiyaya, o cümlədən Böyük Azərbaycana, yəni Turana axın etmələrinə bax­ma­­yaraq, yerli əhalinin (kutilər, turukkilər, mannalılar və b.) dilini dəyişə bilmədilər, ancaq guya, eramızın III-IV əsrlərində bu bölgəyə gələn türklər bunu bacardılar. De­məli, həqiqət odur ki, Turanın mərkəzi olan qədim Azərbaycanın yerli etnosları (kutilər, turukkilər, sular, subarlar, mannalılar və b.), eləcə də sonralar bu ərazinin qonuşuluğunda yaşayan iskitlər, saklar, kimmerilərin əksəriyyəti türksoylu tayfalar olmuşlar. Digər tərəfdən, “Avropa mərkəzçilər”in təbrincə desək əgər doğrudan da Turanlılar Arilərin aşağı budağı olub, yalnız onların dili türkləşibsə o zaman, turanlılar mədəniyyət, adət-ənənə baxımından da 3 min il əvvəl olduğu kimi, bu gün də irandillilərdən kəskin şəkildə fərqlənməzdilər. Bu anlamda Turan mədəniyyətinin beşiyi olan Azərbaycan Türk mədəniyyətinin Hind-Avropa mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Sadəcə, Azərbaycan Türk mədəniyyəti Turanlılarla Arilərin/İranlıların ən çox mübarizə apardığı bir məkan olduğu üçün, buraya istər-istəməz Arilərin mədəniyyət, din və fəlsəfə təsirləri bir qədər çox olmuşdur.

Midiyadan sonra yaranmış, bir çox qaynaqlarda “Kiçik Midiya”, ya da “Atropatena” kimi yad edilən dövlət və onun qurucusu Atropat da Turanlı kimliyini daşıyıblar. Bu baxımdan istisna etmək olmaz ki, farsdilli mən­bələrdə indiki “Azərbaycan” sözüylə əlaqələndirilən «Atropatena» sözü təhrifə uğramışdır. Belə ki, bu sözü məqsədli şəkildə yalnız fars dillərində izah edənlər, onu ilkin Türk variantından uzaqlaşdırmaq niyyəti güdmüşlər. Necə ki, bəzi orta əsr Ərəb qaynaqlarında Atropatın ulu ba­ba­sının Turanlı Alp Ər Tonqa olması ilə bağlı qeydlər var­dır. «Müqəddəsi də Atropatın babası üçün istifadə olunan Bayvarasif adının Əfrasiyabla bənzərliyi diqqət çəkmək­də­dir. Maraqlı olan, əl-Müqəddəsinin Varasif-Avrasif (Əf­ra­si­yab) adının önündə türkcə «Bay/Beg» ünvanını istifadə etməsidir. Bu da çox şübhə oyandırmasın gərək. Zira, bütün Ərəb müəllifləri Əfrasiyab/Alp Ər Tonqanı türklərin əf­sa­nə­vi atası olaraq göstərməkdədirlər. Artopat və onun ata­la­rı­nın adı Turanlı bir kimlik kimi görünməkdədir».

Akadmik Tofiq Ha­cı­ye­və görə, Midiyanın əski bir Türk dövləti olması nəzəriyyəsi Sovetlər birliyindən əvvəl də mövcud olmuş, 1920-ci illərdə elmi cəhətdən daha da əsaslan­dır­ıl­mış və 1930-cu illərin ortalarına qədər güclənə-güclənə davam etmişdir: “Bu fikrin pionerləri Avropa şərqşünasları olmuş, midiyalıları Turani saymışlar”. Rza Nur da hesab edir ki, Midiya dövləti türklərin ən qədim dövlətidir və Midiya türkləri Xəzərlər adını tanıyırmışlar. Ancaq Midiyadan sonra yaranan Türk dövlətinin adı Atropatena yox, Xəzəristan ol­muşdur. Atropaten xalqını mannalılar və madayların varisi he­sab edən Qiyasəddin Qeybullayeva görə, Artopat və onların ata­la­rı­nın adı Turanlı bir etnos kimi görünməkdədir. Bu baxımdan istisna deyildir ki, Azərbaycan yurdu əski dövrlərdən Turanla bağlıdır. Hər halda Turan Midiyasından sonra “Kiçik Midiya”da Turanlı Atropat, “Böyük Midiya”da isə Turanlı parflar/arşakilər hakimiyyətə gəldilər. Yalnız miladdan sonrakı 3-cü əsrdə Şimali Azərbaycan istisna omaqla keçmiş Midiyada Turanlılar yenidən hakimiyyəti iranlılara/farslara tərk etmək zorunda qalıblar.

 

 

Dos., Dr. Faiq Qəzənfəroğlu

08.04.2017


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.