www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 

VATİKAN GİZLİNLƏRİ


"KİTABİ-DƏDƏM QORQUD"un BAŞINA NƏLƏR GƏLİB?


Türk tarixinin “Soy kitabı”nın orijinalı hələ də dünyadan gizlədilir

“Türkün Qızıl kitabı”, “Qırmızı kitab”... Bu adları son zamanlar daha tez-tez eşidirik. Əslində, bu adlar altında nəzərdə tutulan kitabın adının “Soy kitabı” olduğu qeyd edilir. Kitabla bağlı bir söz var: "Hökumətlər müvəqqəti, dövlət qalıcıdır...yeni hökmran taxtında oturanda, siyirtməsində Qırmızı Örtülü bir kitab olar, dövləti ona görə idarə edir. Kitabda qədim zamanlardan bu günə qədər Türk dünyasının strategiyası, qədim nəsillər, onların davamçıları, uzaq gələcəyə hesablanmış strategiyalar və sairə var. Çoxlarına bəlli olmasa da Azərbaycanın və yaxın türk coğrafiyasının özündə əks etdirən kitablardan biri “Kitabi-Dədəm Qorqud” dastanıdır. Dastanda Azərbaycanın tarixi coğrafiyası, oğuz-qıpçaq kökü, əski xaqan və şah idarə üsulundan ibarət qədim türk döv­lət qu­ruculuğu əks etdirilir, ordu quruluşu və hərbi-döyüş sis­te­mi, sər­həd qoruyuculuq institutu haqqında bilgi verilir, ailə-əx­laq-tərbiyə mənzərəsi canlandırılır, ölkənin demoqrafik vəziyyəti ilə bağlı dövlət qayğısından danışılır, dövlətin insan şəxsiyyətini qiymətləndirməsindən söz açılır, dilimizin bugünkü əsas lüğət fondu və qrammatik quruluşu ilə tarixin çox dərin­liyinə getdiyi təsdiqlənir və çoxsaylı məlumatları özündə əks etdirir. Lakin bu gün bu kitabın orijinal nüsxəsi dünya arxivlərində, şəxsi kolleksiyalarda saxlanılır.

İlk olaraq Almaniyanın məşhur Drezden ki­tab­xanasında qeydə alan “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi oğu­­zan” barədə. Drezden Kral kitabxanasında əlyazmanı 1802-ci ildə tədqiq edib ictimaiyyətə təqdim edən H.O.Fleyşer yazır: “152 yarpaqlıq türkcə məcmuə, ...nəsih yazılı, əski Doğu türkcəsi və ya Oğuz şivəsi ilə yazılmış Kitabi-Dədə Qorquddur. İç Oğuz və Daş Oğuz qəbilələrinin Məhəmməd dövründəki macəralarının hekayətləridir. Kitabın adı bütün hekayələrdə Qorqud adında birinin böyük rolu olmasından irəli gəlməkdədir. Qorqudun dindar, ağıllı və oğuz qəbilələri mənsubları arasında böyük etibar sahibi olduğu rəvayət edilir”. (В.В. Бартольд. Китаби-Коркуд (рукопись). Архив АН СССР, ф. 62, ор. 1, № 183.)

Qeyd edək ki, bu kitab Drezden kitabxanasının XVI əsr əlyazmaları arasında hifz edilir.

Əsas bizi maraqlandıran isə Vatikan nüsxəsidir. Azərbaycanın soy kitabı sayılan “Kitabi-Dədəm Qorqud” dastanı ora necə gedib çıxıb?

Maraqlıdır ki, Drezdendə saxlanılan nüsxə ilə Vatikanda saxlanılan nüsxə xarici görünüş baxımından bir-birindən çox fərqlidir. Drezden əlyazması tipik olaraq salnaməçilərin yazdıqları formatda, Vatikan əlyazması isə daha çox dəftərxana xətt üslubu və tərtibatı formatındadır. Eyni zamanda, yazılış dilində də çoxsaylı fərqlər var.

Drezden nüsxəsinin dil və üslubunun Azərbaycan, Vatikan nüsxəsinin isə Anadolu türkcəsinə uyğunluğu da məhz bu faktla bağlıdır. Vatikan nüsxə variantına müraciət olunmuş və buraxıldığı güman edilən söz, söz birləşməsi və ya cümlələr < > işarəsi daxilində verilmişdir. Eyni zamanda, son nüsxə katibinin üzdən köçürmə prosesində yol verdiyi səhvlərin nəticəsi olaraq yanlış getmiş bəzi məqamlar [ ] işarəsi içərisində göstərilmişdir.

Eyni zamanda, Drezden və Vatikan nüsxələrində ərəb və fars sözlərinin yazılışı mənbə dillərdəki imla normalarına uyğundur. Türk sözlərinin yazılışında isə spesifik məqamlar vardır; bir sıra sözlərdə sait və samitlərin qrafemoloji ifadəsi bəzi hərflərin sinkretizmini, həmçinin nəsx xəttindən nəstəliqə (XVI əsr) keçid mərhələsini təmsil edir.

İtalyan şərqşünası Ettore Rossi Vatikan kitabxanasında ikinci əlyazmanı tapan şəxsdir. Vatikan nüsxəsi bir müqəddimə və 6 boydan ibarətdir. “Hekayət-i Oğuzname-i Qazan bəg və qeyri” adlanan Vatikan nüsxəsi 98 səhifədən ibarətdir. Birinci 12, ikinci 6 boydur. Qazan bəy ilə birbaşa əlaqəli olan boyları əhatə edir. 1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdi. O, bu işdə Aybək Əd-Qəvadarinin “Dürərüt-tican” əsərindən də istifadə etmişdir. (Ettore Rossi. İl «Kitabi-Dede Korkut», Roccinti epico-cavallerechi dei Turchi Oguz. Tradotti e annotati con «Facsimile» del Ms.Vat.Turco, 102. – Citta del Vaticano, 1952. – 364 s.)

Vatikan nüsxəsi, Vatikan gizli arxivinin Türkcə qismində 102 nömrəli arxivdə qeydiyyatdadır. Bu nüsxənin ilk səhifəsi başqa bir risalə ilə bərabər başlayır. Bu cildin 2-58 səhifələri arasında olan ilk Kitabı "Hikayət-i lətifə əcaib və mahcube zərifə" adlı əsərdir. Dədə Qorqud nüsxəsi isə bundan sonra başlayır və 58-106-cı səhifələri əhatə edir.

Vatikan nüsxəsində “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğeyri” adlı nüsxədə Qazan xan boyların hamısı barədə məlumat yoxdur. (Zahidoğlu V. “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsi “çox qüsurlu bir nüsxə”dirmi? Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, X cild, Bakı, 2001, s.143-162.)

“Vatikan əlyazmasında Qorqud ata yalnız bir dəfə Müqəddimədə rast gəlinir, mətndə, görünür adət edilmədiyindən “ata” sözü artıq işlənmir. Əvəzində 29 dəfə Dədə Qorqud, 21 dəfə Dədəm Qorqud, 18 dəfə yalnız Dədə və bir dəfə Dədə Sultan adı çəkilir”. (Айдосов А. Бессмертное наследие Коркут-Аты (к 1300-летию "Книги моего деда Коркута") //Мысль. – 2000. – № 2. – С. 68-70)

Vatikan nüsxəsində maraqlı bir məqam, Dədə Qorqudun adının dəfələrlə “Qorqurt” kimi yazılmasıdır. “Qorqurt” isə qoruyucu qurd anlamına gəlir. (Ettore Rossi. Un nuovo manasscritto del “Kitabi-Dede Korkut” // «Rivista Degli studi orientalı». – Roma. – 1950. – № 25. s.34-43)

Bu gün Vatikanda saxlanılan nüsxələrin orijinal olub-olmaması barədə elm dünyasında ikili fikir mövcuddur. Bu günə qədər Drezden nüsxəsi daha çox araşdırılmış, Vatikan nüsxəsi isə köməkçi bir mənbə kimi qiymətləndirilmişdir. Vatikan nüsxəsi haqqında Dədə Qorqud üzərində araşdırma aparan elm adamları iki fikir irəli sürürlər:

1. Vatikan nüsxəsi kimlərinsə bu dastanlara ya əlavəsidir, ya da orijinaldan köçürülən zaman qəsdli təhriflər edilib.

2. Vatikan nüsxəsi Türk dillərində mövcud olmayan ifadələri özündə əks etdirir.

Bu fikri irəli sürən alimlər Vatikan nüsxəsində qədim Oğuz abidələri üçün xarakterik olmayan hərəkət və hadisələrin burada yer almasını əsas göstərirlər.

Vatikan nüsxəsi Drezden nüsxəsinə nisbətən qüsurlu nüsxədir. Hərəkələr çox yanlış bir şəkildə qoyulmuş, xüsusi adlar belə bir neçə şəkildə yazılmışdır.

Son olaraq qeyd edək ki, Vatikanda və Drezdendə tədqiq olunan əsərlərin orijinal olması da şübhə altındadır. Hər iki arxivdə aşkar olunan nüsxələrin içəriləri fərqli olsa da, müqəddimələri eynidir. İki fərqli məzmunun müqəddiməsi necə eyni ola bilər? Görünür, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülüb. Bu naməlum nüsxə Vatikanda, yaxud hər hansı bir arxivdədirsə, tapılması çox mühümdür.

Bir tarixi faktı nəzərinə çatdıraq. Azərbaycanlı mühacirlərin Almaniyanın paytaxtı Berlində çıxartdıqları “Açıq Söz” jurnalının 1936-cı il tarixli III sayında Bakıda çıxan “Bakinskiy Raboçiy “qəzetinin 4 avqust 1936-cı il tarixli sayında gedən yazı dərc edilib. (Həmin yazı qəzetin bütün nüsxələri ilə səhəri gün tamamilə yox edilir). Yazıda qeyd edilir ki, Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutunun arxivində “Dədə Qorqud”un on üç boyunu tapıb. Sonradan bu hekayənin Azərbaycanda dərc olunduğuna dair şifahi xəbərlər də gəlmişdir. Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunan kitabda bu boy olmayıb. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" Azərbaycanda və Türkmənistanda qadağan edilərək, oxunması yasaqlanmışdı. Kitab Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazandı. Lakin on üçüncü boy ortaya çıxmadı...

 

 

Zaur Əliyev,
Siyasi elmlər üzrə Fəlsəfə doktoru
AMEA Fəlsəfə və Hüquq İnstitutu

10.10.2017


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.