www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
VƏTƏNPƏRVƏRLİK ANLAYIŞI

Heydər Əliyev :

“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,

Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə

hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və

təbliğ etməkdir”.

 

 

 

Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, millətə, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Vətənpərvərlik dedikdə ilk öncə Vətən üçün canından keçmək başa düşülür. Amma vətənpərvərlik yalnız vətən üçün canından keçmək deyil. Bir əsərdə belə deyilmişdir: “ Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən? Əsgər cavabında deyir ki, mən Vətən üçün canımdan keçməyə hazıram. Komandir əsgərə irad tutur və başa salır ki, Vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən Vətəni kim qoruyar ? ”

Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. 
Vətənpərvərlik - Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, xalqa, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu,vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Xalqın, millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətəni düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməkdə, alim maraqlı elmi kəşflər etməkdə görürsə, gənclərimiz isə doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etmək, Vətənin, xalqın, millətin mənafeyini öz mənafeyin kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir.

 

Azərbaycan Respublikası 
Gənclər və İdman Nazirliyi

 

 

 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.