www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
AZƏRBAYCANLILARIN MART SOYQIRIMI

Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır .

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır :

"Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər." Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qorunmağa çalışan iki min nəfərin sığındığı şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında azərbaycanlıların 115 kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

HADİSƏLƏRİN GEDİŞİ

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başlamışdır. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açmışdır. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etmişlər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlamışdır. Ermənilər rusları inandırmışlar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları öldürürlər. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı çox imiş. Erməni faşistləri heç kimə rəhm etmirmişlər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirmişlər. Daşnaklar deyirmişlər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirmişlər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırmışlar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişlər.
Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planını həyata keçirməyə başlamışdır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət imiş. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçmişdir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilmişdir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürmüş, körpələrə və qocalara aman verməmişdir. Qadınlar daha ağır şəkildə öldürülürmüş. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdır. N.Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçmişlər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etmişlər. Bu, müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edilmişdir. Bu soyqırımında daşnaq silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişlər.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdir. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdur. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərmişlər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmamışdır. Onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bilmişlər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdir ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur. Ermənilər şayiə yaymışlar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş almışlar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş vermişdir. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirmişdir. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilmişdir. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişlər.
S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutmuşdur. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılmışdır. Təxminən 8 minə yaxın insan öldürülmüşdür ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdir.
Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən silahla dolu olan 15 maşın, mart ayının ortalarında isə silahla dolu olan 60 maşın və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdir.
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirmiş. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdir : "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir." Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışlar. Yerli sakinləri min bir əzabla qətlə yetirirmişlər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirmişlər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürülmüşdür.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirmişlər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşmışlar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozmuşdur.
Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdir : "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hisslərin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.

SİYASİ - HÜQUQİ QİYMƏTLƏNDİRMƏ

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirmişdir. 1918-ci il iyul ayının 15-də Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etmişdir. Mart faciəsi və digər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə ADR Xarici İşlər Hazirliyində xüsusi struktur yaradılmışdır. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etmişdir. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına məruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğramışdır.
***
1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin dramatikləşməsinə rəvac vermişdir. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail olmuşdur. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə, 1918-ci ilin mart ayının 31-də bu mənfur planı bolşevik bayrağı altında reallaşdırmaq üçün Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirmişdir. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürülmüş, onlarla kənd yandırılmış, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edilmişdir.
31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilmişdir.
Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan Quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir.
Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarının imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən növbəti siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 mart yenə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.
Bunlar doğrudur :
Biz Bakıdakı mart hadisələrini yada salarkən yenə o günlərdə icra olunan vəhşətə, zülmə, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, hətk olunan (parçalanan), irz və namuslara dəxi ətfi-nəzər ediyor - insanın bir anda dönüb canavardan da bədtər hala düşmək ləyaqətində dəxi olduğunu böyük bir hissi-infial (xəcalətçəkmə) və şərməndəlikdə görüyoruz.
Fəqət mart günlərinin əsl faciəsi təkcə bu cəhətində deyildir. Martda söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şəni (çirkin), daha mərdud (hüquqa zidd), daha iyrənc bir hadisə vaqe olmuşdu. İctimai bir inqilab nami və pərdəsilə ortaya çıxıb milli bir ədavət icra edilmişdi. Burjuaziyaya elani-hərb edilib əmələ (fəhlə) və kasibə qırılmışdı.
“Müsavat”a xitabən elani-hərb edilib, nəticədə sosialist, bolşevik və müsavat - heç birisinə fərq qoyulmadan kəsilmək və atılmaq üçün müsəlman olmaq kafi gəlmişdi.
Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal, bir qətliam icra olunurdu. Daşnaklar intiqam alırdı. Bu intiqam hər növ qonşuluq, inqilabdaşlıq, vətəndaşlıq hissini korlatıyor, yan-yana sülh və müsalimət ilə yaşayan millətləri sənələrlə bir-birindən ayırıyordu.

***

Bolşeviklər “sizə muxtariyyət deyil, xarabalar verəcəyiz”,-deyirlərdi, müttəfiqləri daşnaklar da indi izah ediyorlar ki, Bakını sahiblərinin əlindən çıxarmaları ilə onlar erməniliyi mühafizə ediyormuşlar.
Həqiqətdir ki, martın 18-dən 21-nə qədər (köhnə təqvimlə) Bakı türk demokratiyasının qafasında partladılan toplar müsəlmanların haqqında rəva görülən məzalim Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi. Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi. Fəqət kəndiləri (özləri) “inqilabçı” ikən inqilabın böyük düsturunu unudurlardı: “Məşəli əfkari-əhraranə sönməz xunilə!” (“Azadlıq fikrinin məşəli qanla sönməz!”)
Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi!
Bakı küçələrində tökülən nahaq qanlar bir “pisuz”, yaxılan “İsmailiyyə” isə bir “iplik” işini görərək ürəklərdə söndürülmək istənilən hürriyyət məşəlini daha ziyadə tutuşdurdu. Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi ! Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu !

KÜTLƏVİ REPRESSİYALARIN QANLI TARİXİ

Tarixi arayış
İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı 
I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltmişdir. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələnmişdir. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib saymışdır. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirmişdir. 1768-ci ildə Ekaterina II ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Nə olur-olsun ermənilərdən Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynamışdılar.
Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Hikolay 21 mart 1828-ci ildə İrəvan və Haxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalamışdır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilmişdir.
Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Haxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılmışdır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilmişdir. Anoloji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da reallaşdırılmışdır. Belə ki, tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Haxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilmişdir.
XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlamışlar. Belə ki, əsasən xaricdə "Qnçaq" (1887, Cenevrə), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Hyu-York) təşkilatı yaradılmışdır. Butün bu cəhdlərə baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşamışdır. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərir ki, belə bir vəziyyət Azərbaycan xalqının tarixində faciələrin davamına səbəb olub.
***
1905-1907 illər. 
Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Haxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçirmişdir.
1905-1906 illər. 
İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan etmişdir. Təəssüf ki, tarixi mənbələrdə o illərin hadisələrini özündə əks etdirən çox az sayda sənəd qorunub saxlanılmışdır. Lakin bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Həvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz əksini tapmışdır. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanmışdır.
1918-1920-ci illər. 
Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılmışdır. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil etmişdir. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər idisə, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olmuşdur. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olmuşdur. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasəti həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasından xəbər verir.
Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd etmişlər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planını həyata keçirmək üçün insanlıqdan uzaq bütün vasitələrdən istifadə etmişdir.
O günlərdə ermənilər tərəfindən edilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz 
izlər qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilmişdir. Ermənilər evləri yandırmış, insanları diri-diri oda atmişdırlar. Onlar milli arxitektur xəzinələrimizi, məktəblərimizi, xəstəxanalarımızı, məsçidlərimizi və digər tikililərimizi dağıtmışdırlar. Azərbaycanlıların genosidi xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilmişdir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali öldürülmüş, kəndlər yandırılmış milli mədəniyyət abidələri məhf edilmişdir.
***
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhf edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuşdur. Əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 231, 2 noyabr 1919-cu il) göstərilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
***
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmişdir. ADR-in Hazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Haxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür.
***
1918-1920-ci illər. 
Kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan etmişlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər.
Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Hovruz bayramı günü Şuşada, sonradan isə Əsgəran və Xankəndidə aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş.
***
Ermənilərin bolşeviklər qarşısında etdikləri xidmətlər çox keçmədən öz qiymətini almışdır. Sovet Azərbaycanının o zamankı rəhbəri Həriman Hərimanov Moskvanın təzyiqlərinə tab gətirməyərək 1920-ci il dekabrın 1-də "Zəngəzur və Haxçıvanın ümumi sahəsi 9 min kvadrat metr olan bir sıra ərazilərinin Sovet Ermənistanının tərkibinə verilməsi haqqında" deklorasiyaya imza atmışdır.
***
Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə etmişlər.

1948-53-cü illərin deportasiyası
Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıları daimi yaşadıqları Ermənistan SSR-dən çıxarmağa, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməyə davam etmişlər. 1943-cü ildə Tehranda keçirilmiş konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət etmişlər. Bu məsələdə İosif Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoymuşdur.
1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışlar. Lakin həmin dövrdə bu cəhdlər baş tutmamışdır. O zaman ermənilər digər bir taktika seçmişlər.
1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanmışdır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülmüşdür. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayətlənmiş və təklif etmişdir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdir. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Hazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazanmışdır.
Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulmuşdu. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülmüşdür.
***
1948-50-ci illərdə köçürülmüş 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olnur. Ümumiyyətlə 1948-52-ci illər ərzində dədə-baba torpaqlarından respublikamıza 100 mindən çox soydaşımız köçürülmüşdür. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş bu insanlar düzənlik ərazinin iqliminə uyğunlaşa bilmirmişlər. Yaşayış yeri ilə tə`min olunmamaq da öz təsirini göstərirmiş. Köçürülənlər arasında yüzlərlə adam tələf olmuşdur... Belə şəraitdə yaşamağa dözməyən soydaşlarımız dağlıq ərazilərə, Qarabağa köçürülmələri barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdikləri müraciətlərə mərkəzi orqanlar rədd cavabı vermişlər.
Bax, bu da "pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin" daha bir tərəfi... Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülmüşdür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıları dədə-baba torpaqlarından faktiki deportasiya edən ermənilər xarici ölkələrdən Ermənistana daha çox erməninin köçürülməsinə nail olmuşlar.
1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri budur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Erevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan etmişlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990).
Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar : Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları - monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi.
***
1953-cü ildə İosif Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırmışdır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən, Ermənistandan köçürülmüş soydaşlarımız ermənilərin onlara qarşı kin və diskriminasiyalarına baxmayaraq dədə-baba yurdlarına qıyıtmaq məcburiyyətində qalmışlar. Bu proses erməni şovinizmini alovlandırmış və azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" vermişdir.
Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil sektorlarının ləğvi, rəhbər vəzifədə çalışan türklərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kampaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.
Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratmışdır. Ermənilər 1945-ci ildə sınaqdan çıxardıqları iddialarını işə salmağa başlamışlar. Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız çıxışlar etmişlər. Erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başlamışlar. 1988-ci ildən ermənilər yenidən türklərə qarşı kütləvi hədə qorxu gəlmişlər, fiziki güc tətbiq etmişlər, günahsız soydaşlarımızı ölümə məhkum etmişlər, onların yaşadıqları kəndləri talan edib yandırmışlar. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülmüşdür, onların 21-i qadın 6-sı uşaq olub. Vardenis rayonunda isə 40 nəfər öldürülmüşdür. Ermənistanın digər rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Qoris, Sisian, Amasi və Alaverdidən 250 min türk (azərbaycanlı) öz ev-eşiyindən qovulmuşdur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunmuşdur. Qadınlar, uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə Azərbaycana pənah gətirmişlər.Yenidən 1948-53-cü illərin tarixi təkrar olunmuşdur - Sovet İttifaqı mərkəzi hakimiyyətinin qərarı ilə Ermənistandan qovulan soydaşlarımızın Qarabağda yerləşdirilməsinə icazə verilməmişdir, onlar özlərinə əvvəl çadır şəhərciklərində sığınacaq tapmışlar. 1991-ci il avqustun 8-də sonuncu Azərbaycan kəndi Nüvədidən (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmişdir. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşmışdır.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olunmuşdur, 1 milyona qədər adam doğma yurdundan didərgin düşmüşdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olmuşdur. Azərbaycan hökuməti hazırda Xocalı soyqırımına görə beynəlxalq məhkəməyə müraciət etmək üçün rəsmi sənədlər hazırlayır.

Ermənilər separatçılığı davam etdirirlər. Hələ də Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə çıxış edirlər. Onların növbəti hədəfi Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Haxçıvandır. Erməni şovinizmi öz ambisiyalarını sivilizasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Xristian təəssübkeşliyini əsas götürən Qərb dövlətləri ermənilərin terrorçu-işğalçı niyyətlərini hələ də pisləməkdə qərarlı görünmürlər. Hə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır.

.

 

Azərbaycan Milli Kitabxanası

www.irshadtv.com ilə

31.03.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.