www.irshadtv.az - Teleradio Verilişləri Sənədli və Bədii Filmlər Kompaniyası - MMC
 
   
 
BAŞ SƏHİFƏ
 
HAQQIMIZDA
 
İRŞAD TV
 
İRŞAD RADİO
 
SƏNƏDLİ filmlər
 
BƏDİİ filmlər
 
ƏLAQƏ
 
 
ERMƏNİLƏRİN QƏTL ETDİYİ TÜRK DİPLOMATLAR

XX əsrin əvvəllərində ermənilər tərəfindən həyata keçirilən “Nemezis” planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun mühüm simaları qətlə yetirilmişdir. Hücumları həyata keçirən terrorçulardan bəziləri yaxalansa da, sonradan müxtəlif adlar altında azadlığa buraxılmışdır.

Dünyaya soyqırıma məruz qaldıqlarını bəyan edən ermənilər 1973-cü ildən etibarən yenidən Türkiyə diplomatlarını hədəfə almağa başlamışdır. Bu dəfə əməliyyatları ASALA (Erməni gizli ordusu), “Erməni Soyqırımı Ədalət Komandosları”, “Erməni İnqilab Ordusu” terror təşkilatları həyata keçirmişdir. Hücumlar zamanı onlarla türk diplomatı öldürülmüşdür. Amma terrorçuların çoxu yenə də cəzasız qalmışdır.

 

Erməni terror təşkilatlarının hücumuna məruz qalmış türk diplomatlarının tam siyahısını təqdim edirik:

 

1) 27 yanvar 1973-cü il - Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni Qurgen Yanikiyan tərəfindən öldürülmüşdür. Bundan sonra o, ömürlük həbs cəzasına məhkum edilmişdir. Yanikiyan 1984-cü ildə əfv edilərək azadlığa buraxılmışdır.

2) 20 fevral 1975-ci il - Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atılmışdır. Hadisə yerində qoyulmuş məktubda bundan sonra Türkiyə, İran və ABŞ-ın hədəfə alınacağı bildirilmişdir.

3) 22 oktyabr 1975-ci il - Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil üç erməni terrorçusunun hücumu zamanı qətlə yetirilmişdir.

4) 24 oktyabr 1975-ci il - Türkiyənin Fransadakı səfiri İsmail Erez və sürücüsü Talip Yener öldürülmüşdür. Hər iki şəxs səfirlik yaxınlığında avtomobilin gülləyə tutulması zamanı qətlə yetirilmişdir.

5) 16 fevral 1976-ci il - Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit erməni terror təşkilatı ASALA tərəfindən güllələnmişdir. Bu, ASALA-nın ilk dəfə hadisəyə görə məsuliyyəti üzərinə götürdüyü tarix idi.

6) 9 iyun 1977-ci il - Türkiyənin Vatikandakı səfiri Taha Carım öldürülmüşdür. Qətlə görə məsuliyyəti "Erməni Soyqırımı Ədalət Komandosları" üzərinə götürmüşdür.

7) 2 iyun 1978-ci il - Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralp avtomobilinin gülləbaran edilməsi ilə öldürülmüşdür. Hücum zamanı həmçinin səfirin qızı Necla Kuneralp, təqaüddə olan səfir Bəşir Balcıoğlu və sürücü Antonio Torres də qətlə yetirilmişdir. Hücuma görə məsuliyyəti üzərinə yenidən "Erməni Soyqırımı Ədalət Komandosları" götürmüşdür.

8) 12 oktyabr 1979-cu il - Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benler öldürülmüşdür. Hücuma görə məsuliyyəti "Erməni Soyqırımı Ədalət Komandosları" və ASALA üzərlərinə götürmüşdür.

9) 22 dekabr 1979-cu il - Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpan öldürülmüşdür. Hadisədən sonra xəbər agentliklərinə naməlum bir şəxs bildirmişdir ki, məsuliyyəti "Erməni Soyqırımı Ədalət Komandosları" daşıyır.

10) 6 fevral 1980-ci il - Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə hücum edilmişdir. Təsadüfən səfir sağ qalmışdır.

11) 17 aprel 1980-ci il - Türkiyənin Vatikandakı səfiri Vecdi Türelin avtomobili atəşə tutulmuşdur. Səfir ağır yaralanmışdır.

12) 31 iyul 1980-ci il - Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmen 14 yaşlı qızı Neslihan Özmenlə birgə öldürülmüşdür. Hücum zamanı həmçinin diplomatın həyat yoldaşı Sevil Özmen və oğlu Kaan Özmen ağır yaralanmışdır. Hücuma görə məsuliyyəti ASALA üzərinə götürmüşdür.

13) 26 sentyabr 1980-ci il - Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı silahlı hücum zamanı yaralanmışdır.

14) 17 dekabr 1980-ci il - Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever öldürülmüşdür.

15) 4 mart 1981-ci il - Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı öldürülmüşdür. Məsuliyyəti üzərinə ASALA götürmüşdür. Bundan sonra Ankara Fransaya etiraz notası vermişdir.

16) 2 aprel 1981-ci il - Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demirə silahlı hücum edilmişdir və o, yaralanmışdır.

17) 9 iyun 1981-ci il - Türkiyənin İsveçrədəki Baş Konsulluğunun katibi Mehmet Savaş Yergüz öldürülmüşdür. Məsuliyyəti ASALA üzərinə götürmüşdür. Hücumdan sonra ələ keçirilən Livan əsilli erməni Mardiros Camqozyan 15 il həbsə məhkum edilmişdir.

18) 24 sentyabr 1981-ci il - Türkiyənin Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirilərək, 56 diplomat əsir götürülmüşdür. Müqavimət göstərmək istəyən mühafizəçi Cemal Özen öldürülmüş və Baş konsul Kaya İnal isə yaralanmışdır. Konsulluğu ələ keçirən terrorçular Türkiyədəki 12 siyasi məhbusun Parisə gətirilməsini istəmişlər. İstəklərinin qəbul edilməyəcəyini anladıqdan sonra terrorçular polisə təslim olmuşlar. Səfirliyə hücum edən 4 terrorçu - Vazgen Sakosesliyan, Gevork Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Akop Abraham Turfanyana 1984-cü ildə 7 il həbs cəzası verilmişdir. Hücuma görə məsuliyyəti üzərinə yenidən ASALA götürmüşdür.

19) 25 oktyabr 1981-ci il - Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum zamanı yaralanmışdır.

20) 28 yanvar 1982-ci il - Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kemal Arıkan öldürülmüşdür. Arıkanın qatili olan daşnak Hampiq Sasunyan ömürlük həbs cəzasına məhkum edilmişdir.

21) 8 aprel 1982-ci il - Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör hücuma məruz qalmış və yaralanmışdır.

22) 5 may 1982-ci il - Türkiyənin Bostondakı Baş konsulu Orhan Gündüz öldürülmüşdür.

23) 7 iyun 1982-ci il - Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öldürülmüşdür.

24) 21 iyul 1982-ci il - Türkiyənin Hollandiyadakı Baş konsulu Kemal Demirer ona qarşı təşkil edilmiş hücumdan salamat qurtarmışdır.

25) 27 avqust 1982-ci il - Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi öldürülmüşdür.

26) 9 sentyabr 1982-ci il - Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan öldürülmüşdür.

27) 9 mart 1983-cü il - Türkiyənin Yuqoslaviyadakı səfiri Galip Balkar öldürülmüşdür. Hücumu həyata keçirmiş Kirkor Levonyan və Raffi Aleksandr 20 il həbs cəzasına məhkum edilmişdir.

28) 14 iyul 1983-cü il - Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülmüşdür.

29) 27 iyul 1983-cü il - Türkiyənin Portuqaliyadakı səfirliyi ələ keçirilmişdir. Hücum zamanı səfirlik məsləhətçisi Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirilmişdir. Səfirliyi tutan 5 terrorçu Portuqaliya polisi tərəfindən öldürülmüşdür. Məsuliyyəti üzərinə götürən "Erməni İnqilab Ordusu" sonradan Portuqaliya Baş naziri Mario Suarezi ölümlə təhdid etmişdir.

30) 28 mart 1984-cü il - Türkiyənin İrandakı səfirliyinin Baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu hücum nəticəsində ağır yaralanmışdır.

31) 28 aprel 1984-cü il - Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı, iş adamı İşık Yöndər ASALA tərəfindən öldürülmüşdür.

32) 20 iyun 1984-cü il - Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özen partlayışa məruz qalaraq ölmüşdür. Hücuma görə məsuliyyəti üzərinə "Erməni İnqilab Ordusu" götürmüşdür.

33) 19 noyabr 1984-cü il - Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergun Avstriyada öldürülmüşdür. Məsuliyyəti üzərinə "Erməni İnqilab Ordusu" götürmüşdür.

 

Azərbaycan Milli Kitabxanası

www.irshadtv.com ilə

21.04.2015


 

 


Copyright © 2014 IRSHADTV.com
Müəllif hüquqları qorunur. Materialdan istifadə etdikdə istinad mütləqdir.
Material internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.